Fransada tələbə və müəllimlər 13 oktyabrda tətilə çağırış edib


Fransada müəllim həmkarlar ittifaqları və tələbə təşkilatları hökumətlə aparılan danışıqların nəticələrindən narazılıq fonunda 13 oktyabrda tətil keçirilməsinə və etirazların gücləndirilməsinə çağırıb.

AFN.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

FSU həmkarlar ittifaqının milli katibi Karolin Şeve Bastiliya meydanında keçirilən aksiya zamanı təhsil sahəsində çalışanları 13 oktyabrda ümumittifaq tətilinə qoşulmağa çağırıb. Onun sözlərinə görə, müəllimlərin tələbləri məktəblilərin irəli sürdüyü məsələlərlə üst-üstə düşür.

Şeve müəllimlərin təcili tədbirlərin görülməsini və 2027-ci il büdcəsi müzakirələri çərçivəsində əməkhaqqı ilə bağlı tələblərinə cavab verilməsini istədiklərini bildirib.

BFM TV-nin məlumatına görə, ölkənin ən böyük həmkarlar ittifaqı olan CGT-nin təhsil sahəsində çalışanları birləşdirən bölməsi də bu çağırışı dəstəkləyib.

Tələbə təşkilatı “Union tudiante”nin nümayəndəsi Sabrin Harbaş isə təhsil sahəsinin maliyyələşdirilməsinin 10 milyard avro artırılmasını tələb edib və 13 oktyabrda tələbə və məktəblilərin etirazlarının gücləndirilməsinə çağırıb.

Fransada məktəblilərin etirazları sentyabrın sonunda İl-de-Frans regionunda başlayıb və hazırda ölkə üzrə yayılıb. Etirazçılar dərs cədvəllərinin həddən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.

Bəzi ərazilərdə aksiyalar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Etirazlar başlayandan indiyədək jandarmlar və polis əməkdaşları 6,6 mindən çox şəxsi saxlayıb. Saxlanılanların 90 faizinin yetkinlik yaşına çatmayanlar olduğu bildirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu