BepiColombo missiyası Merkuriyə çatdı: Planetin orbitinə daxil olacaq


Avropa və Yaponiya tərəfdaşlığı ilə həyata keçirilən BepiColombo kosmik missiyası səkkiz ildən və 6 milyard mildən çox məsafə qət etdikdən sonra Merkuriyə çatıb.

AFN.az xəbər verir ki, kosmik aparat Günəşə ən yaxın və Günəş sisteminin ən kiçik planeti olan Merkurinin orbitinə daxil olmağa hazırlaşır.

Şənbə günü uçuşa nəzarət mütəxəssislərinin kosmik aparatın mühərriklərini işə salaraq onu orbitə yönəltməsindən sonra BepiColombo missiyası tarixdə Merkuri ətrafında dövr edəcək ikinci missiya olacaq.

Alimlər üçün 1,6 milyard avroya başa gələn bu missiya Merkurinin Günəşə bu qədər yaxın məsafədə necə formalaşdığını, niyə maqnit sahəsinə malik olduğunu və planetin daim kölgədə qalan kraterlərində gizlənən donmuş buzun tərkibini öyrənmək baxımından indiyədək ən böyük ümid mənbəyidir.

Layihədə 20 ildir çalışan Lester Universitetinin professoru Emma Bunce uzun müddət gözlədiklərini və missiyanın başlamasının onları çox həyəcanlandırdığını bildirib.

Merkuriyə çatmaq qeyri-adi çətinliklərlə müşayiət olunur. Planet Günəş sisteminin mərkəzinə yaxın yerləşdiyindən kosmik aparatları Günəşin cazibə qüvvəsinin təsiri ilə sürətlənir. Buna görə də aparatların planetin yanından birbaşa keçib getməməsi üçün uçuş müddətlərinin böyük hissəsində sürətlərini azaltmaları tələb olunur.

Planet səthinin geokimyəvi tərkibini təhlil edəcək Merkuri Təsvirlərinin Rentgen Spektrometri (MIXS) cihazının baş tədqiqatçısı Bunce missiyanın çox mürəkkəb və çətin olduğunu vurğulayıb.

Alimlərin Merkurini müşahidə etməyə başlaması üçün bir neçə ay vaxt lazım olacaq. Kosmik aparat dekabrın əvvəlində biri Avropaya, digəri isə Yaponiyaya məxsus olmaqla iki ayrı orbit aparatına bölünəcək. Həmin aparatların hər biri planet ətrafında fərqli qütb orbitlərinə yerləşmək üçün manevr edəcək. Elmi fəaliyyətlərin isə gələn ilin aprel ayında başlanması planlaşdırılır.

Merkuri Planetinin Orbital Aparatı (MPO) adlanan Avropa zondu planetin səthini və tərkibini yüksək dəqiqliklə xəritələşdirəcək, həmçinin qeyri-adi dərəcədə böyük nüvəsinin quruluşunu aydınlaşdırmaq üçün daxili strukturunu araşdıracaq. Yaponiyanın birgə missiyaya qoşulan aparatı isə planetin maqnit sahəsini və onu əhatə edən son dərəcə nazik qaz və atom təbəqəsi olan natrium ekzosferini ölçəcək. Merkuri Ayla müqayisədə cəmi 50 faiz böyük olsa da, kütləsi ondan dörd dəfə artıqdır. Missiyanın araşdıracağı məsələlərdən biri də bu qayalı planetin niyə belə sıx quruluşa malik olmasıdır.

Avropa Kosmik Agentliyində (ESA) BepiColombo layihəsinin baş elmi mütəxəssisi professor Geraint Jones bildirib ki, kosmik aparatın səkkizillik səyahəti boyunca elmi nəticələrə dair gözləntilər bütün komandanı həyəcanlandırıb. Onun sözlərinə görə, planetin daxili quruluşunu, səthini və ətraf kosmik mühiti də daxil olmaqla bütün xüsusiyyətlərini araşdırmaq üçün iki kosmik aparat daha güclü cihazlarla təchiz edilib və missiya çərçivəsində böyük həcmdə məlumat əldə edilməsi gözlənilir.

Merkuri kəskin fərqlərin müşahidə olunduğu planet kimi tanınır. Bu kiçik planetin öz oxu ətrafında bir dəfə fırlanması 58 Yer günü çəkir. Bu isə səthinin istənilən nöqtəsində təxminən üç ay gündüzün, ardınca isə üç ay gecənin davam edə bilməsi deməkdir. Günəşdən cəmi 36 milyon mil məsafədə yerləşən Merkuri Yerin Günəşə olan məsafəsinin üçdə birindən bir qədər çox uzaqlıqda qərarlaşıb. Planetin səthində temperatur gündüzlər 450 dərəcəyədək yüksəlir, gecələr isə mənfi 180 dərəcəyədək enir.

Jones bildirib ki, planetin səthini araşdırmaq üçün geniş dalğa uzunluğu diapazonunu əhatə edən kameralardan istifadə ediləcək, ətrafındakı qazlar təhlil olunacaq, maqnit sahəsi qeydə alınacaq, yüksək dəqiqlikli cihazlarla daxili quruluşu öyrəniləcək və lazer vasitəsilə bütün planetin formasının xəritəsi hazırlanacaq.

Kosmik aparatların təxminən üç il Merkurinin orbitində dövr etməsi gözlənilir. Bu müddətdən sonra yanacaqları tükənəcək, hündürlükləri azalacaq və nəticədə planetin səthinə çırpılacaqlar. Bunce təəssüflə bildirib ki, aparatların geri qayıtması mümkün olmayacaq.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu