Formula 1-də 2027-ci ildən tam ştatlı yarış komissarları fəaliyyət göstərəcək
Formula 1-in idarəedici orqanı 2027-ci il mövsümündən etibarən çempionat tarixində ilk dəfə tam ştatlı yarış komissarlarının fəaliyyətə başlayacağını açıqlayıb.
AFN.az xəbər verir ki, seçilmiş daimi yarış komissarları qrupunun yaradılması ideyası bir müddətdir idman ictimaiyyətində müzakirə olunurdu.
Mövcud sistemə əsasən, hər yarışda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) seçdiyi şəxslər, yerli və ya regional idman təşkilatının nümayəndəsi və keçmiş pilotlardan ibarət namizədlər arasından dörd könüllü yarış komissarı müəyyənləşdirilir. Onlar hər yarış həftəsonunda dəyişirlər.
Bu sistem növbəli əsasda fəaliyyət göstərən könüllülərin qaydaları şərh etməsi və tətbiqində uyğunsuzluqlara yol verilməsi səbəbindən uzun müddətdir pilotların və komandaların tənqidlərinə məruz qalırdı.
FIA-nın planına əsasən, əvvəlcə tam və yarımştat komissarlardan ibarət qarışıq strukturla daimi komanda yaradılacaq. Federasiyanın hakimlik fəaliyyətinin peşəkarlaşdırılması adlandırdığı proses çərçivəsində bu proqramın 2028-ci ilədək 12-15 tam ştatlı nümayəndəni əhatə etməsi nəzərdə tutulur.
FIA-nın açıqlamasında bildirilib ki, federasiyanın əsas çempionatı üçün tam ştatlı komissarların cəlb edilməsi komissarlıq strukturunda davamlılıq və ixtisaslaşmanı təmin edəcək. İdman qaydalarının və komissarlar üçün təlimatların mütəmadi nəzərdən keçirilməsi və təkmilləşdirilməsi yolu ilə FIA-nın ədalətlilik öhdəliyi daha da gücləndiriləcək. Bu addım həmçinin ən yaxşı təcrübələrin daha dərindən tətbiqinə və qərarların qəbulunda ardıcıllığın artırılmasına imkan verəcək.
Bəzi pilotlar əvvəllər tam ştatlı komissarların qərəzli davranmaq riski ilə bağlı narahatlıqlarını bildirərək belə bir sistemin tətbiqinə şübhə ilə yanaşmışdılar. Bununla belə, pilotların böyük əksəriyyəti bu vəzifənin peşəkarlaşdırılmasını dəstəkləyib.
2024-cü ildə ABŞ-ın Texas ştatında keçirilən Qran-pridə çoxsaylı mübahisəli cərimə qərarlarından sonra komissarlıq sisteminin yenidən nəzərdən keçirilməsi ilə bağlı güclü çağırışlar səsləndirilmişdi. Həmin vaxt Lyuis Hemilton idmanın bütün sahələrdə inkişaf etməli olduğunu deyərək digər qlobal idman növlərində olduğu kimi Formula 1-də də tam ştatlı hakimlərin fəaliyyət göstərməsinin mənfi nəticə doğurmayacağını bildirmişdi.
Hemiltonun Mercedes komandasındakı keçmiş komanda yoldaşı Corc Rassel də oxşar mövqe sərgiləmişdi. Rasselin sözlərinə görə, ardıcıllığı təmin etməyin yeganə yolu hər yarış həftəsonunda eyni komissarların fəaliyyət göstərməsidir. O, hazırkı komissarların təcrübəli olduğunu, lakin bu işi demək olar ki, könüllü şəkildə gördüklərini və peşəkar əməkhaqqı almadıqlarını qeyd edib. Rassel futbolu nümunə göstərərək bildirib ki, mübahisələrə baxmayaraq, orada hakimlik peşəkar və tam ştatlı işdir, hakimlər gəlirlərini məhz bu fəaliyyətdən əldə edirlər.
FIA bildirib ki, tam ştatlı hakimlər idmanın gələcək qaydalarının formalaşdırılmasına kömək etmək baxımından da daha əlverişli mövqedə olacaqlar.
Açıqlamada qeyd olunub ki, yarış həftəsonlarından kənarda da fəaliyyət göstərəcək bu sistem yeni tendensiyaları və qaydaların daha aydın olmasını tələb edən sahələri müəyyənləşdirmək imkanlarını genişləndirəcək, bununla da idman qaydalarının inkişafına istiqamət verəcək. Tam ştatlı komissarlar, həmçinin FIA rəsmilərinin gələcək nəslinin hazırlanmasında və onlara rəhbərlik edilməsində mühüm rol oynayacaqlar.
FIA prezidenti Məhəmməd Ben Sulayem qərarın Formula 1 üçün mühüm addım olduğunu bildirib. O, federasiyanın hakimlik sisteminə edilən bu böyük investisiyanın avtoidmanda qərarların qəbulu, ədalət və dürüstlük sahələrində ən yüksək standartları təmin etmək əzmini əks etdirdiyini vurğulayıb. Ben Sulayemin sözlərinə görə, tam ştatlı komissarların işə cəlb edilməsi FIA Formula 1 Dünya Çempionatında xüsusi hakimlik sisteminin yaradılması istiqamətində uzunmüddətli missiyanın mühüm mərhələsi olmaqla yanaşı, idmanın gələcəyinə yatırılan sərmayədir.




