Pentaqon 31 milyard dollarlıq F-35 ehtiyat hissələrinin taleyini açıqlaya bilmir
ABŞ-da Hökumətin Hesabatlılıq İdarəsinin rəsmisi Pentaqonun təxminən 31 milyard dollar dəyərində olan 26 milyon F-35 ehtiyat hissəsinin taleyi barədə etibarlı məlumat təqdim etməməsini tənqid edib.
AFN.az xəbər verir ki, qurumun Maliyyə İdarəetməsi və Audit direktoru Asif Xan bu problemin hələ də həllini tapmadığını bildirib.
Asif Xan Anadolu Agentliyinə açıqlamasında F-35 qırıcı təyyarələrinin ehtiyat hissələrinin izlənməsi və inventar qeydlərinin aparılması zamanı yaranan problemləri şərh edib.
O bildirib ki, Pentaqon təxminən 31 milyard dollar dəyərində olan 26 milyon F-35 hissəsinin harada və hansı vəziyyətdə olduğuna dair etibarlı məlumat təqdim edə bilmir. Xanın sözlərinə görə, Pentaqonun qeydləri hələ də səhv, natamam və köhnədir, fiziki inventar yoxlamaları isə hissələrin mövcudluğunu lazımi səviyyədə təsdiqləmir. İtkin hissələrin dəqiq miqyası və vəziyyəti isə hələ də məlum deyil.
Xan Hökumətin Hesabatlılıq İdarəsinin noyabrın 9-da yayımladığı hesabatda F-35 təyyarələrinə aid təxminən 17 min ehtiyat hissəsinin Pentaqonun sistemində qeydiyyatda olmadığının üzə çıxdığını xatırladıb. O vurğulayıb ki, etibarlı qeydlər olmadan Pentaqon döyüş hazırlığını tam təmin etmək üçün kifayət qədər məlumata malik ola bilməz.
Xan hesabatda inventar qeydlərinin çatışmazlığının F-35 təyyarələrinin uçuşlarına və ya modernləşdirilmə prosesinə necə təsir göstərdiyinə dair təfərrüatların yer almadığını bildirib. Onun sözlərinə görə, hesabatda uzunmüddətli hərbi əməliyyatlar ayrıca qiymətləndirilməyib, onların təyyarələrin istismara yararlılığına, texniki xidmət müddətinə və missiyalara hazırlıq göstəricilərinə təsiri kəmiyyət baxımından ölçülməyib.
Pentaqonun F-35 hissələri ilə bağlı qeydiyyat sisteminə toxunan Xan F-35 Birgə Proqram Ofisinin yetkin və tam işlək aktivlərin uçotu proqramı yaratmadığını, mövcud sistemin isə etibarlı və real vaxt rejimində məlumat təqdim etmədiyini qeyd edib.
İnventar qeydlərindəki bu çatışmazlığın F-35 təyyarələrindən istifadə edən digər ölkələrə də təsir edib-etməyəcəyi ilə bağlı suala cavab verən Xan hissələrin yeri, sayı və vəziyyəti barədə etibarlı məlumatların birgə ehtiyat fondunun səmərəli idarə olunması baxımından vacib olduğunu bildirib.
Xan F-35 ehtiyat hissələri ilə bağlı məlumat çatışmazlığının Konqresin vergi ödəyicilərinin vəsaitlərinin necə xərcləndiyinə nəzarət mexanizminə də təsir etdiyini vurğulayıb. O bildirib ki, bu hissələr barədə etibarlı məlumat yalnız audit üçün deyil, həm də düzgün idarəetmə və nəzarət baxımından həyati əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Pentaqon və F-35 Birgə Proqram Ofisinin rəhbərliyi dövlət aktivlərini qorumaq, əsaslandırılmış qərarlar qəbul etmək və hərbçilərin döyüş hazırlığını təmin etmək üçün hissələrin yeri, miqdarı, vəziyyəti və dəyəri barədə dolğun məlumata malik olmalıdır.
Hökumətin Hesabatlılıq İdarəsi noyabrın 9-da Pentaqonun milyardlarla dollar dəyərində F-35 qırıcılarına aid ehtiyat hissələrinin uçotu ilə bağlı hesabat yayımlamışdı.
2019-cu ildən bəri aparılan auditlər zamanı proqramın inventar idarəçiliyində çoxsaylı çatışmazlıqların müəyyən edildiyi bildirilən hesabatda Müdafiə Nazirliyinin F-35 hissələri ilə bağlı hesabatlılığı təmin etmək və qorumaq istiqamətində çox az irəliləyiş əldə etdiyi qeyd olunmuşdu.
Hesabatda Pentaqonun qeydlərinin köhnəlmiş, səhv və natamam olduğu vurğulanmışdı.
Həmçinin dəyəri 2,5 milyard dollara çata biləcək təxminən 17 min ehtiyat hissəsinin Pentaqonun sistemində qeydiyyatda olmadığı müəyyən edilmiş, əvvəlki auditlərdə aşkarlanan problemlərin də hələ həll edilmədiyi bildirilmişdi.
