Yadplanetlilərlə bağlı dünyada nələr baş verir? – 74 milyon siqnal, Pentaqonun UFO sənədləri
Yadplanetli həyatın mövcudluğu və naməlum uçan obyektlərin (UFO) mənşəyi ilə bağlı müzakirələr hər zaman beynəlxalq gündəmin diqqət mərkəzində olub. Bir müddət əvvəl Pentaqon UFO-larla bağlı yeni sənədlər açıqlayıb, NASA rəhbəri məsələyə münasibət bildirib, alimlər isə ulduzlararası kometdə mümkün yadplanetli texnologiyasının izlərini axtarıblar.
AFN.az xəbər verir ki, aparılan araşdırmalar hələlik Yer kürəsindən kənar sivilizasiyaların mövcudluğunu təsdiqləyən nəticə ortaya qoymasa da, bu istiqamətdə elmi və institusional marağın artdığını göstərir.
Kosmosdan gələn 74 milyon siqnal araşdırılıb
Yadplanetli texnologiyasının axtarışı ilə bağlı diqqətçəkən araşdırmalardan biri 3I/ATLAS adlı ulduzlararası kometlə əlaqədardır.
SETI İnstitutunun alimləri 2025-ci ildə aşkar edilmiş bu kometdə mümkün süni radio siqnallarını müəyyənləşdirmək üçün xüsusi araşdırma aparıblar. Tədqiqat zamanı Kaliforniyadakı Allen teleskop massivindən istifadə olunub və obyekt 7 saatdan artıq müddətdə radio diapazonunda müşahidə edilib.
Araşdırma nəticəsində təxminən 74 milyon darzolaqlı radio siqnalı qeydə alınıb. Müxtəlif filtrlərdən və yoxlamalardan sonra onların sayı 211-ə qədər azaldılıb. Lakin alimlər bu siqnalların hamısının Yer üzündəki texnoloji mənbələrdən və ya Yer orbitindəki peyklərdən qaynaqlandığını müəyyən ediblər.
Beləliklə, araşdırma 3I/ATLAS obyektində yadplanetli texnologiyasına dair heç bir sübut ortaya qoymayıb.
Tədqiqatın nəticələri 2026-cı il iyunun 3-də açıqlanıb və "The Astronomical Journal" elmi jurnalında dərc edilib.
Pentaqon UFO-larla bağlı 71 sənədi açıqlayıb
ABŞ Müdafiə Nazirliyinin UFO-larla bağlı açıqladığı sənədlər də diqqət çəkən hadisələr sırasındadır.
"CBS News"un yaydığı məlumata görə, Pentaqon naməlum anomal hadisələrlə (UAP) bağlı 71 sənəddən ibarət yeni məlumat paketi yayımlayıb. Sənədlərin 67-si Müdafiə Nazirliyinə, dördü isə Kolorado ştatındakı yerli hüquq-mühafizə orqanlarına aiddir.
Açıqlanan materiallar arasında 55 PDF sənədi, 15 video və bir audio fayl var. Sənədlərin 64-də müəyyən məlumatlar məxfilik səbəbindən redaktə edilib.
Materialların bir hissəsi ABŞ Müdafiə Kəşfiyyatı Agentliyinin 2008–2012-ci illərdə həyata keçirdiyi "Advanced Aerospace Weapon System Applications Program" adlı proqramla əlaqədardır. Bu proqram çərçivəsində qurd dəlikləri, əks-cazibə, mənfi kütlə, görünməzlik texnologiyaları və kosmik mühərrik sistemləri kimi nəzəri konsepsiyalar araşdırılıb.
Sənədlər arasında naməlum hava-kosmik sistemlərlə mümkün təmasdan sonra insanlarda yarandığı iddia edilən sağlamlıq problemləri haqqında araşdırma da var.
Bununla belə, Pentaqon açıqlamasında həmin materialların elmi konsepsiyaların təhlili və ümumiləşdirilməsi xarakteri daşıdığını, orada müzakirə edilən texnologiyaların mövcudluğunun təsdiqi kimi qəbul edilməməli olduğunu vurğulayıb.
NASA rəhbəri yadplanetlilərin mövcudluğunu istisna etmir
Nəhayət, ən maraqlı məqam NASA rəhbəri Jared İsaacmanın UFO-larla bağlı mövqeyidir. Space.com-un dərc etdiyi müsahibəyə görə, İsaacman naməlum anomal hadisələrin araşdırılmasında açıq fikirli yanaşmanın vacibliyini qeyd edib. O bildirib ki, NASA-nın əsas missiyalarından biri bəşəriyyətin kainatda tək olub-olmadığı sualına cavab tapmaqdır. Əgər araşdırmalar zamanı yadplanetli mənşəli obyektlə qarşılaşmaq ehtimalı ortaya çıxarsa, NASA bu prosesdə iştirak etməlidir.
Bununla yanaşı, NASA rəhbəri naməlum obyektlərin mütləq yadplanetlilərə aid olması fikrini dəstəkləməyib. Onun sözlərinə görə, bu hadisələrin arxasında başqa dövlətlərin sınaqdan keçirdiyi yeni texnologiyalar da dayana bilər.
İsaacman belə ehtimalların araşdırılmasının ABŞ-ın milli təhlükəsizliyi baxımından da əhəmiyyətli olduğunu bildirib.
Harvard professoru UFO-ların araşdırılması üzrə elmi şuraya rəhbərlik edəcək
Yadplanetli həyatın axtarışı ilə bağlı diqqət çəkən digər hadisə Harvard Universitetinin astrofiziki Avi Loebin ABŞ administrasiyasının UFO-larla bağlı elmi məsləhət şurasına rəhbər təyin edilməsidir.
"Associated Press"in yaydığı məlumata görə, Loeb hərbçilərin müşahidə etdiyi sirli obyektlərin mənşəyini və onların milli təhlükəsizlik baxımından yarada biləcəyi riskləri araşdıracaq elmi şuraya rəhbərlik edəcək.
Loeb daha əvvəl 2017-ci ildə Günəş sistemindən keçən ulduzlararası obyektin yadplanetli sivilizasiyaya məxsus texnologiya ola biləcəyini irəli sürmüşdü. O, həmçinin Sakit okeanın dibindən çıxarılan metal kürəciklərin mümkün yerdənkənar mənşəyi ilə bağlı fərziyyələri ilə gündəmə gəlmişdi. Lakin alimin bəzi iddiaları elmi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Bir sıra mütəxəssislər onun fərziyyələrinin yetərli sübutlara əsaslanmadığını bildiriblər. Loeb isə yeni vəzifəsində araşdırmalara ilk növbədə obyektlərin insan mənşəli olması ehtimalından yanaşacağını, məlumatların toplanması və təhlilinə üstünlük verəcəyini açıqlayıb.
Bəs yadplanetlilərin mövcudluğu sübut olunubmu?
Bütün bu hadisələrə baxmayaraq, hazırda Yer kürəsindən kənar ağıllı sivilizasiyaların mövcudluğunu təsdiqləyən elmi sübut yoxdur. UFO və ya UAP anlayışı da özlüyündə yadplanetli mənşə demək deyil. Bu terminlər müşahidə zamanı mənşəyi müəyyənləşdirilməyən hava, kosmos və digər mühitlərdəki hadisələri ifadə edir. Bununla belə, ABŞ-ın hərbi qurumlarının sənədləri açıqlaması, NASA-nın məsələyə münasibət bildirməsi və SETI alimlərinin radio siqnallarını araşdırması mövzunun yalnız fantastika və fərziyyələrdən ibarət olmadığını göstərir.
Kainatda başqa həyatın mövcud olub-olmaması isə hələ də bəşəriyyətin cavabını gözlədiyi ən böyük elmi suallardan biri olaraq qalır.


