ABŞ sakinlərinin böyük əksəriyyəti hökumətin UFO-lar barədə məlumat gizlətdiyini düşünür
ABŞ-da keçirilən yeni bir rəy sorğusunun nəticələrinə görə, ölkə əhalisinin 84 faizi federal hökumətin tanımlanmamış uçan obyektlər (UFO) mövzusunda ictimaiyyətlə bölüşdüyündən daha çox məlumata sahib olduğuna inanır.
AFN.az xəbər verir ki, "CBS News" telekanalının 2-4 iyun tarixlərində təşkil etdiyi bu sorğu vasitəsilə ABŞ cəmiyyətinin "yer kənarındakı həyat" mövzusuna baxışı və mövcud yanaşmaları öyrənilib.
Tədqiqatın nəticələrinə əsasən, respondentlərin 63 faizi digər planetlərdə şüurlu həyat formalarının mövcud olduğunu müdafiə edir.
Eyni zamanda, iştirakçıların 84 faizi rəsmi Vaşinqtonun UFO-lar barəsində əlində olan faktları gizlətdiyi fikrini bölüşdüyü halda, yalnız 16 faizlik kiçik bir kəsim hökumətin bütün məlumatları şəffaf şəkildə paylaşdığına inandığını ifadə edib.
Bəşəriyyətin yadplanetli şüurlu varlıqlarla nə vaxt təmasa keçəcəyi ilə bağlı suala cavab olaraq isə respondentlərin 21 faizi bu təmasın artıq çoxdan qurulduğunu iddia edib.
İştirakçıların 46 faizi bunun uzaq və ya yaxın gələcəkdə baş verəcəyini proqnozlaşdırdığı halda, 33 faizi belə bir hadisənin heç vaxt reallaşmayacağı qənaətindədir.
Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tanımlanmamış uçan obyekt (UFO) və tanımlanmamış hava fenomeni (UAP) ilə bağlı yeni rəsmi sənədlərin 8 may tarixində ictimaiyyətə təqdim olunduğunu elan etmişdi.
Qurumun xüsusi internet platformasında yerləşdirilən həmin sənədlər arasında onlarla video və fotoşəkillərlə yanaşı, mülki şəxslərin və hərbi heyətin birinci dərəcəli ifadələri, araşdırma qeydləri və rəsmi hesabatlar yer alır.

