SORĞU: ABŞ-da çoxluq "şatdaun"un təsirinə məruz qalıb
ABŞ-da federal hökumətin fəaliyyətinin rekord müddətdə dayandırılması (şatdaun) ölkə əhalisinin 59 faizinə birbaşa təsir göstərib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə YouGov sosioloji xidmətinin keçirdiyi sorğuda əksini tapıb.
Sorğuda iştirak edən amerikalıların 15 faizi hökumət bağlanmasının həyatlarına ciddi mənfi təsir etdiyini, 21 faizi orta səviyyədə, 23 faizi isə yüngül təsirlər hiss etdiyini bildirib. 36 faiz respondent bu prosesin onlara təsir etmədiyini deyib, 6 faiz isə sual qarşısında çətinlik çəkib.
Məsuliyyət məsələsində respondentlərin fikirləri bölünüb: 31 faiz amerikalı demokratları, 34 faiz respublikaçıları günahkar sayır. Daha 26 faiz hər iki partiyanı bərabər dərəcədə məsul hesab edib, 9 faiz isə fikrini bildirməyib.
Hökumətin maliyyələşdirilməsinin 2026-cı il yanvarın 30-dək davam etdirilməsini nəzərdə tutan kompromis qanun layihəsini ABŞ Senatı noyabrın 10-da təsdiqləyib. Respondentlərin 37 faizi sənədi müsbət qarşılayıb, 29 faizi narazı qalıb, 34 faiz isə konkret fikir bildirməyib.
Sorğu iştirakçılarının 38 faizi sənədi respublikaçıların qələbəsi, 9 faizi isə demokratların siyasi uğuru kimi qiymətləndirib. 20 faiz hər iki partiyanın fayda qazandığını, 34 faiz isə bu barədə fikrinin olmadığını söyləyib.
YouGov sorğusu ABŞ-ın müxtəlif ştatlarında 18 yaşdan yuxarı 4,3 min respondent arasında keçirilib.



