Azərbaycanın dövlət borcu açıqlandı
2025-ci il 1 iyul vəziyyətinə Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25 695,6 milyon manat ekvivalentində və ya proqnozlaşdırılan ÜDM-in 19,6 faizini təşkil edib.
Bu, Maliyyə Nazirliyinin tərtib etdiyi “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə əksini tapıb.
Bildirilib ki, ümumi dövlət borcunun 8 518,2 milyon manatı (5 010,7 milyon ABŞ dolları) və ya 33,2 faizi xarici dövlət borcunun (ÜDM-in 6,5 faizi), 17 177,4 milyon manatı və ya 66,8 faizi isə daxili dövlət borcunun (ÜDM-in 13,1 faizi) payına düşür.
2025-ci il 1 yanvar tarixinə olan göstərici ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə 119,0 milyon ABŞ dolları (202,3 milyon manat) və ya 2,3 faiz, ÜDM-ə nisbəti isə 0,4 faiz bəndi azalıb.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc portfelinin 49,3 faizini, sabit dərəcə ilə olanlar isə 50,7 faizini təşkil edib. Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,1 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 6,0 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Qeyd olunan tarixə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) – 3,4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 85,1 faiz, avro – 6,5 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar – 1,7 faiz.
Daxili dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 1 482,3 milyon manat və ya 7,9 faiz azalıb. 2025-ci ilin 1 iyul tarixinə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 1,7 faiz bəndi azalıb. Daxili dövlət borcunun 46,7 faizini dövlət qiymətli kağızları, 53,3 faizini isə 2023-cü ilin sonundan etibarən dövlət borcuna aid olan “Aqrarkredit” QSC BOKT-un dövlət zəmanətli borcu təşkil edir. Dövlət qiymətli kağızlarının 12,9 faizi 1 illik, 57,0 faizi 2 və 3 illik, 30,1 faizi isə 5 il və daha artıq müddətli qiymətli kağızların payına düşür.



