Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu
Tikinti maqnatı kimi tanınan Aqibət Məmmədova məxsus olduğu bildirilən "Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti daha bir tenderin qalibi seçilib.
AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, həmin tender "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən keçirilib. Satınalma predmeti Bakı şəhərinin Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirindən ibarətdir.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri isə 24 985 363,84 manatdır. Qeyd edək ki, "Gəncə Körpü Tikinti-2” ASC bir neçə gün əvvəl Gədəbəy Rayon İcra Hakimiyyətinin küçələrin əsaslı təmiri ilə bağlı keçirdiyi 635 505,74 manatlıq tenderin də qalibi olub.
Məlumat üçün bildirək ki, "Gəncə Körpü Tikinti-2" ASC 1975-ci ildə 2 saylı Körpü Tikinti İdarəsi kimi yaradılıb və 2001-ci ildən Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, şirkət 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb və nizamnamə kapitalı 143 104 manatdır.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-dır. Qanuni təmsilçisi Məhərrəm Zeynallı ASC-nin İdarə Heyətinin sədri, Aqibət Məmmədov isə Direktorlar Şurasının sədridir.
