Həndbol komandaları 3 aydır ki, maaş almır - Saleh Məmmədov pul ayırmır


Azərbaycan həndbol komandaları 3 aydır ki, maaş almır.

AFN.az xəbər verir ki, komandaların üzvləri və məşqçiləri bununla bağlı “Qafqazinfo”ya müraciət edib. Onların iddiasına görə, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edildikdən sonra əməkhaqlarını ala bilmirlər.

Bildirilib ki, federasiyadan maliyyələşən klublarda heç kimə son 2 ayın maaşı verilməyib. Kişilərdə çempionatın lideri olan “Bakı” komandasının 3 legioneri bu səbəbdən ölkəni tərk edib: “Yanvar ayında hamıya VÖEN açılsa da, cəmi 1 ay maaş verilib. Hazırda federasiyada və klublarda 200-ə yaxın adam əməkhaqqı ala bilmir”.

Qeyd edilib ki, komandalar məşq etməyə də yer tapmır. “AHF Arena”nın icarəhaqqı 20 min manatı keçib və orada məşq üçün şərait yaradılmır. Şikayətçilər bildirir ki, maaşlarını alana qədər heç bir oyuna və yarışa getməyəcəklər. Federasiyanın baş katibi Yusif Atakişiyev və vitse-prezident Orxan Abbasovun da sualları cavablandırmadığı iddia olunur.

Şikayətlə bağlı Yusif Atakişiyev açıqlamasında maliyyə problemləri yaşadıqlarını təsdiqləyib: “Üç ay deyil, iki aydır ki, maaşlar verilmir. Federasiya daxilində maliyyə sıxıntıları olduğu üçün əməkhaqlarını verməkdə çətinlik çəkirik”. Problemin köklü səbəbi barədə məlumatı olmadığını deyən baş katib məsələni rəhbərliyin bildiyini vurğulayıb.

Qeyd edək ki, Saleh Məmmədov bu ilin fevralında AAYDA sədri vəzifəsindən azad edilib. Onu bu postda Vüsal Nəsirli əvəzləyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu