Şimali Koreya Cənubi Koreyanı sərt xəbərdarlıqla hədələyib
Şimali Koreya Cənubi Koreyanın ölkənin daxili işlərinə müdaxiləni davam etdirəcəyi təqdirdə ən ağır və çətin vəziyyətlə üzləşəcəyini bildirib, sərhəd bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi barədə xəbərdarlıq edib.
AFN.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı və hakim Koreya Fəhlə Partiyasının (WPK) Baş Əlaqələr İdarəsinin rəhbəri Kim Yo Conq gərginliyin artdığı Cənubi Koreya ilə sərhəd boyunca hazırlıq səviyyəsinin yüksəldiləcəyini açıqlayıb.
Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Yo Conq Cənubi Koreyaya qarşı təbliğat yayımlayacaq səsgücləndiricilərin bir neçə gün ərzində sərhəd boyunca yerləşdirilməyə hazır olacağını da vurğulayıb. O, Seulun ölkənin daxili işlərinə müdaxiləni davam etdirəcəyi təqdirdə ən ağır və çətin vəziyyətlə üzləşəcəyi barədə xəbərdarlıq edib.
Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreyanın Birləşmə Nazirliyi Şimali Koreyanı sərhəddə toqquşma riskini artıran hərəkətləri dərhal dayandırmağa çağırıb.
Nazirliyin yazılı açıqlamasında 1950–1953-cü illər Koreya müharibəsinə son qoyan Atəşkəs Sazişinə zidd olan, iki ölkə arasındakı gərginliyi və Hərbi Sərhəd Xətti (MDL) boyunca toqquşma riskini artıran addımların dərhal dayandırılmalı olduğu bildirilib.
Açıqlamada keçmişdəki səhvlərin təkrarlanmamasına çağırış edilib. Həmçinin qeyd olunub ki, iki Koreya 2025-ci ilin iyun ayınadək bir-birinə qarşı səsgücləndiricilər vasitəsilə təbliğat yayımlayıb və bu, sərhədin hər iki tərəfində yaşayan insanlara dözülməz əzablar yaşadıb.
Gərginliyin və toqquşma riskinin qarşısını almağın əsas yolunun Koreya Hərbi Sərhəd Xəttinin dinc şəkildə idarə olunması üçün rabitə sisteminin mümkün qədər tez qurulması olduğu vurğulanıb. Açıqlamada Şimali Koreya təhdidlərə son qoymağa və problemlərin səmərəli həlli üçün çalışmağa çağırılıb.
Son dövrlərdə Şimali və Cənubi Koreya arasında gərginlik Silsizləşdirilmiş Zona ərazisində sentyabrın 21-də Cənubi Koreyanın üç hərbçisinin piyada əleyhinə minanın partlaması nəticəsində yaralanmasından və Seulun hadisəyə görə Pxenyanı ittiham etməsindən sonra yenidən artıb.
Şimali Koreya partlayışa görə məsuliyyəti rədd edib və hərbçilərinə atəş açılacağı təqdirdə dərhal və amansız şəkildə cavab verəcəyini bildirib.
Kim Yo Conq oktyabrın 19-da verdiyi açıqlamada cənub sərhədində Cənubi Koreyalı hərbçilərlə əlaqələndirdiyi ciddi qeyri-sabitlik vəziyyətinin yarandığını iddia edərək Seul hökumətini təxribatda ittiham edib.
O, cənub sərhədində yerləşdirilən taktiki hücum vasitələrinin sayını artırmağı və ötən il dayandırdıqları təbliğat yayımlarını səsgücləndiricilər vasitəsilə yenidən başlatmağı nəzərdən keçirdiklərini bildirib.
Bundan sonra Cənubi Koreya Baş Qərargahının rəisi Cin Yon Son cəbhə xəttində yerləşən hərbi hissəyə səfəri zamanı əsgərlərə göstəriş verib ki, Şimali Koreya Cənubi Koreyanın qanuni tədbirlərini bəhanə edərək yeni təxribatlara əl atarsa, buna qətiyyətlə cavab verilsin.

