Sosial media nəhəngləri milyardlarla dollarlıq cərimələrlə üzləşib
Sosial media platformaları müxtəlif pozuntulara görə böyük məbləğdə cərimələrlə üzləşirlər.
AFN.az xəbər verir ki, son olaraq ABŞ-də Meta şirkəti istehlakçıların müdafiəsi haqqında qanunları pozduğuna görə 25 milyard dollar cərimələnib. Bəs son dövrlərdə tətbiq edilən digər cərimələrin səbəbləri və əhatə dairəsi nədən ibarət olub?
Rəqəmsal media sahəsində fəaliyyət göstərən nəhəng şirkətlər hüquqi pozuntulara görə on milyardlarla dollar məbləğində cərimələrlə üzləşirlər.
İstifadəçilərin məkan məlumatlarının qaydalara zidd şəkildə emal edilməsindən tutmuş uşaqların platformalardan həddindən artıq istifadəyə təşviq olunmasına qədər müxtəlif səbəblərdən sosial media şirkətlərinə cərimələr tətbiq edilir.
ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə istifadəçiləri məxfilik və məzmuna nəzarət siyasətləri ilə bağlı yanıltmaqda ittiham olunan Meta sosial media şirkətinin ştata 25 milyard dollar cərimə ödəməsinə qərar verib.
İş Facebook-un təxminən 87 milyon profilə aid məlumatlarının üçüncü tərəfə məxsus şəxsiyyət testi vasitəsilə toplanaraq siyasi məsləhət şirkəti Cambridge Analytica-ya satılması ilə əlaqəli məlumat pozuntusu iddialarına əsaslanır.
Ştatın baş prokuroru cərimə qərarı ilə bağlı bunun Silikon Vadisinə açıq və birmənalı mesaj olmalı olduğunu bildirib.
Meta avqust ayında sosial media platformalarının uşaqların psixi sağlamlığına zərər vurması ittihamı ilə ABŞ-də açılmış başqa bir iş üzrə də ştatlarla razılığa gəlmişdi. Şirkət ABŞ-də 52 baş prokurorla 18 milyard dollar ödənişi nəzərdə tutan razılaşma imzalandığını açıqlamışdı.
İşlə bağlı sənəddə iddiaçıların Meta-nın texnologiyasından, həmçinin Facebook və Instagram platformalarından yeniyetmələri bu platformalara cəlb etmək və nəticədə onların təsiri altına salmaq məqsədilə istifadə edildiyini irəli sürdükləri xatırladılıb.
Sənəddə Meta-nın platformalarının təhlükələri barədə ictimaiyyəti dəfələrlə yanıltdığı, ABŞ-də yeniyetmələrin psixi və fiziki sağlamlığına vurulan zərərləri nəzərə almadığı barədə iddialar da qeyd olunub. Müvafiq uşaq məxfiliyi qanununun pozulduğu da bildirilib.
Sentyabr ayında Avropa İttifaqının (Aİ) fərdi məlumatların tənzimlənməsinə cavabdeh qurumu istifadəçilərin məkan məlumatlarını Aİ qaydalarına zidd şəkildə emal etdiyinə görə Google şirkətini 403 milyon avro cərimələyib.
Qərara əsasən, Google “veb tətbiq fəaliyyəti” və “məkan tarixçəsi” bölmələrindəki məkan məlumatlarının emalının qanuniliyini və ədalətliliyini, “məkan dəqiqliyi” bölməsində fərdi məlumatların emalında qanunilik, ədalətlilik və şəffaflıq prinsiplərinə əməl olunduğunu sübut edə bilmədiyinə, eləcə də bu üç funksiyanın hamısı üzrə şəffaflıq öhdəliklərini yerinə yetirmədiyinə görə cəzalandırılıb.
Sentyabr ayında TikTok ABŞ-nin Alabama ştatında uşaqları platformadan həddindən artıq istifadəyə təşviq edəcək şəkildə dizayn edilməkdə ittiham olunduğu məhkəmə işi üzrə 100 milyon dollar ödəmək və uşaqların platformadan istifadəsini məhdudlaşdıran yeni tədbirlər görmək barədə razılığa gəlib.
Həmçinin şirkətin valideynlərə uşaqlarının platformadan istifadəsinə daha geniş nəzarət etmək imkanı yaradacağı bildirilib.
Avqust ayında isə ABŞ Ədliyyə Nazirliyi TikTok və onun ana şirkəti ByteDance ilə uşaqların onlayn məxfiliyinin qorunmasına dair məhkəmə işini 400 milyon dollarlıq razılaşma ilə yekunlaşdırıb.
Müxtəlif pozuntularla mütəmadi gündəmə gələn sosial media platformalarının qarşıdakı dövrdə hansı sanksiyalarla üzləşəcəyi maraq doğurur.

