ABŞ-da Meta və TikTok-a qarşı açılan məhkəmə işlərinin dayandırılması tələbi rədd edildi
ABŞ-da apellyasiya məhkəməsi Meta və TikTok-un dizaynından qaynaqlanan zərərlə bağlı açılan minlərlə məhkəmə işinin dayandırılması tələbini rədd edib.
AFN.az xəbər verir ki, “The Hill” qəzetinin məlumatına görə, apellyasiya məhkəməsi Meta və TikTok-a qarşı açılan məhkəmə işlərinin dayandırılması tələbi ilə bağlı qərarını açıqlayıb.
Məhkəmənin qərarında Meta və TikTok-un məhkəmə işlərinin çox erkən mərhələsində apellyasiya müraciəti etdiyi bildirilib.
Qərarda texnologiya şirkətlərini istifadəçilərin yaratdığı məzmundan irəli gələn hüquqi məsuliyyətdən böyük ölçüdə qoruyan Rabitə Ədəb Qanunu çərçivəsində sosial media şirkətlərinin bu qanundan məhkəmə işlərinin dayandırılmasını təmin etmək üçün deyil, yalnız məsuliyyətə qarşı müdafiə məqsədilə istifadə edə biləcəkləri vurğulanıb.
Məhkəmə bu məsələ ilə bağlı apellyasiya səlahiyyətinə malik olmadığına qərar verərək şirkətlərin tələbini rədd edib.
Ölkədə sosial media şirkəti Meta-ya məxsus platformaların və TikTok-un dizaynından qaynaqlanan zərərlə bağlı minlərlə məhkəmə işi açılmışdı.
Meta və TikTok isə bu məhkəmə işlərinin dayandırılması üçün apellyasiya məhkəməsinə müraciət etmişdi.
ABŞ-da daha əvvəl baxılan bir məhkəmə işində münsiflər heyəti Meta və YouTube-un bəzi istifadəçilərin psixi sağlamlığına təsirlərinə görə qismən məsuliyyət daşıdığına qərar verərək 6 milyon dollar təzminat ödənilməsinə hökm etmişdi.
20 yaşlı K.G.M. tərəfindən açılan və minlərlə işin birləşdirilməsi ilə baxılan məhkəmə işində şəxsin sosial media platformalarından istifadədən asılı vəziyyətə düşdüyü, bunun psixi sağlamlıq problemlərinə səbəb olduğu və ya mövcud problemləri ağırlaşdırdığı iddia edilmişdi.

