Dövlət qurumu ailə müəssisəsi və dostlar klubu deyil - deputat



Azərbaycanda vəzifə təyinatlarından sonra bəzi hallarda yeni rəhbərlərin qohumları, dostları və tanışları da irəli çəkilir, qurumda uzun illər çalışan peşəkar əməkdaşlar isə sıxışdırılır və hətta işdən ayrılmağa məcbur olurlar.

AFN.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, bir nəfərin vəzifəyə təyin olunması onlarla insanın karyerasının sonuna çevrilməməlidir.

“Bizdə bəzən bir nəfərin vəzifəyə təyin olunması onun bütün ətrafının karyera yüksəlişinin başlanğıcına çevrilir. Qohumlar, dostlar, tanışlar irəli çəkilir, illərlə həmin qurumda çalışan peşəkar insanlar isə gözümçıxdıya salınır, sıxışdırılır, hətta işdən getməyə məcbur edilir”, – deyə Razi Nurullayev vurğulayıb.

Deputatın sözlərinə görə, problem məmur qohumlarının vəzifəyə təyin olunmasında deyil, onların bu vəzifələrə şəxsi bilik və bacarıqları, yoxsa qohumluq əlaqələri hesabına gəlməsindədir.

“Məsələ heç də məmurun qohumunun vəzifəyə təyin edilməməsi deyil. Onun da işləmək, yüksəlmək və uğur qazanmaq hüququ var. Məsələ odur ki, o, həmin vəzifəyə öz biliyi və bacarığı ilə gəlib, yoxsa qohumunun səlahiyyətləri hesabına? Bu qanun həm də cəmiyyətdə geniş yayılmış "Adamın yoxdursa, heç nəyə nail ola bilməzsən" düşüncəsini dəyişməyə xidmət etməlidir.

Valideyn övladına yaxşı təhsil vermək barədə düşündüyü qədər onu işə düzəlmək üçün adam axtarmaq barədə də düşünməməlidir. Gənc öz diplomuna, biliyinə və zəhmətinə inanmalıdır, atasının telefon kitabçasına yox.

Qohumbazlığın ən böyük zərəri yalnız iqtisadi deyil, həm də mənəvi və psixolojidir. Haqqı tapdalanan insanın dövlətə, ədalətə və öz gələcəyinə inamı azalır. Bacarıqlı insanlar həvəsdən düşür, ölkədən getmək istəyir, bacarıqsız insanlar isə himayədar axtarmağı uğur qazanmağın yolu hesab edirlər.

Maraqlar toqquşması yalnız kiməsə qanunsuz üstünlük vermək deyil, şəxsi münasibətlərə görə kimisə qanuni imkanlardan məhrum etməkdir. Məmurun xoşlamadığı, onu tənqid edən, onunla şəxsi münasibətləri yaxşı olmayan insanın hüquqları da eyni dərəcədə qorunmalıdır.

Dövlət məmuru öz dostuna da, öz rəqibinə də eyni qanunla yanaşmağı bacarmalıdır. Biz qanun qəbul etməklə yanaşı, idarəçilik fəlsəfəsini də dəyişməliyik. Vəzifəyə təyin olunan şəxs anlamalıdır ki, ona qohumlarının, dost-tanışlarının güzəranını yaxşılaşdırmaq deyil, xalqın problemlərini həll etmək üçün səlahiyyət verilib. Dövlət qurumu heç kimin ailə müəssisəsi, dostlar klubu və ya şəxsi mülkü deyil.

Bu qanunun nəticəsini o zaman görəcəyik ki, vətəndaş işə düzəlmək, vəzifədə yüksəlmək, sahibkarlıqla məşğul olmaq və öz haqqını almaq üçün daha qapı-qapı düşüb adam axtarmayacaq. Ədalətli dövlətdə insanın ən böyük dayağı onun qohumu deyil, qanun olmalıdır”, – deyə deputat qeyd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu