Alqışlar! Reputasiyanı itirdiniz! - Şirkətlər populyarlıq naminə necə risk edir?
Şirkətin və ya onun hansısa layihəsinin diqqət mərkəzinə düşməsi, mediada və sosial şəbəkələrdə viral olması hər zaman uğur demək deyil. Belə hallarda əsas sual budur: bu diqqət şirkətə nə qazandırdı və bunun əvəzində nə itirildi?
Müasir kommunikasiya dünyasında şirkətlər görünürlük uğrunda yarışırlar. Bəzən bu yarışda vacib bir məqam unudulur: hamının diqqətini cəlb etmək mümkündür, amma hamının etimadını qazanmaq mümkün deyil. Üstəlik, bir auditoriyanın alqışı digərinin narazılığına çevrilə bilər.
Şirkətin işi hamının xoşuna gəlmək deyil
Reputasiya haqqında danışarkən tez-tez belə yanlış təsəvvür yaranır ki, guya yaxşı reputasiyaya malik şirkət hamı tərəfindən bəyənilməlidir. Halbuki bu, nə mümkündür, nə də zəruridir.
Şirkətin fəaliyyətinə təsir edən və onun fəaliyyətindən təsirlənən müxtəlif qruplar mövcuddur. Onları paydaşlar və ya maraqlı tərəflər adlandırırıq. Bura müştərilər, işçilər, tərəfdaşlar, investorlar, dövlət qurumları və cəmiyyətin əlaqəli qrupları daxildir. Bu qrupların gözləntiləri eyni deyil, bəzən hətta bir-birinə zidd olur. Deməli, reputasiya hamının razılığını qazanmaq deyil. Əsas məsələ şirkətin strateji əhəmiyyət daşıyan auditoriyalar qarşısında etibarlı mövqe formalaşdırmasıdır.
Alqoritmin sevdiyi, müştərinin sevmədiyi şirkət
Sosial şəbəkə alqoritmləri diqqət və qarşılıqlı əlaqə yaradan məzmunu ön plana çıxarır. Mübahisə, təəccüb, qəzəb və istehza da bu qarşılıqlı əlaqənin tərkib hissəsidir. Buna görə də bir paylaşımın geniş yayılması onun müsbət qarşılandığını göstərmir.
Siqnal nəzəriyyəsinə (Signaling Theory) görə, şirkətin ictimaiyyət qarşısında nümayiş etdirdiyi hər bir davranış onun dəyərləri, münasibəti və kimliyi barədə auditoriyaya müəyyən siqnallar ötürür. Şirkət bir mesajla məhsulunu tanıtmaq istəyə bilər, lakin auditoriya həmin mesajdan əlavə olaraq onun insanlara münasibəti barədə də nəticə çıxara bilər.
Almond-un reputasiyasının dondurma taleyi
Bir neçə ay əvvəl Almond Cake & Bakery şirkətinin Taleh Yüzbəyovun iştirakı ilə hazırladığı dondurma reklamı buna nümunə ola bilər. Məhsulun təbiiliyini vurğulamaq məqsədilə estetik prosedurlar etdirən qadınlar qeyri-təbii qatqılar ehtiva edən və reklamda süni adlandırılan dondurmalarla müqayisə edilmişdi. Sosial şəbəkə istifadəçilərinin bir qismi bu təqdimatı seksist və alçaldıcı hesab etdi. Şirkət tənqidlərdən sonra reklamın yayımını dayandırdı, onun tam versiyasını səhifəsindən sildi və yaranan narahatlığa görə üzr istədi.
Lakin reklamın müəllifi və iştirakçısı Taleh Yüzbəyov tənqidçilərlə razılaşmadı, öz mövqeyini müdafiə etdi və videonun reklamsız variantını şəxsi səhifəsində yenidən paylaşdı. Beləliklə, şirkətin geri çəkildiyi kommunikasiya mövqeyi reklamın müəllifi tərəfindən davam etdirildi.
Bu hadisə bir neçə vacib sual doğurur: Şirkət reklam ideyasını təsdiqləyərkən onun müxtəlif auditoriyalar tərəfindən necə qəbul ediləcəyini nə dərəcədə qiymətləndirmişdi? Müştəriləri arasında estetik korreksiya etdirən qadınların payını araşdırmışdımı? Reklam müəllifinin şəxsi mövqeyi ilə sifarişçi brendin mövqeyi harada ayrılır? Şirkət üzr istədikdən sonra kommunikasiya tərəfdaşının fərqli mövqeyi brendin reputasiyasına necə təsir edir?
Reklamın viral yayılması nəticəsində həmin dövrdə satışlar arta da bilər. Amma böhrandan sonrakı kommunikasiya düzgün qurulmasa, həm satışlar, həm də reputasiya dondurma kimi əriyə bilər.
Reputasiya səsvermə deyil
Bəs şirkət mübahisəli mövqe tutmamalıdırmı? Əlbəttə, tuta bilər. Hətta bəzi hallarda fərqli mövqe brendi rəqiblərindən fərqləndirir və konkret auditoriya ilə daha güclü bağ yaradır. Hər tənqid reputasiya itkisi demək deyil. Bəzən şirkətin prinsipial mövqeyi hamının xoşuna gəlməsə də, onun əsas müştəriləri və tərəfdaşları tərəfindən dəstəklənir. Problem mübahisə yaratmaqda deyil, bu mübahisənin hansı auditoriya ilə və hansı məqsədlə yaradıldığını bilməməkdədir.
Şirkət rəhbərliyi hər kampaniyadan əvvəl üç suala cavab verməlidir: Bu mesaj kimə ünvanlanır? Hansı auditoriyanın narazılığı şirkət üçün real reputasiya və biznes riski yarada bilər? Diqqət çəkmək naminə hansı dəyərlərimizi riskə atırıq?
Alqışın da ünvanı var
Sosial şəbəkələrdə çox bəyənilmək şirkət üçün uğur ola bilər. Amma bu rəğbətin kimlər tərəfindən və hansı səbəbdən göstərildiyini bilmədən onu reputasiya qazancı hesab etmək olmaz. Rəhbərlik üçün əsas göstərici paylaşımın neçə nəfərə çatması deyil, onun şirkətin strateji maraqlarına uyğun auditoriyalarla münasibətlərə nə qazandırmasıdır.
Çünki şirkət dondurma deyil ki, hamının xoşuna gəlsin. Amma yanlış auditoriyanın alqışını öz uğuru hesab edərsə, doğru auditoriyanın etimadını itirə bilər.
Müəllif: Vüqar Baba – strateji kommunikasiya eksperti





