Belçikada ümummilli tətil: Nəqliyyat və dövlət xidmətlərində ciddi fasilələr yaranıb



Belçikada hökumətin qənaət siyasətinə etiraz olaraq keçirilən bir günlük tətil səbəbindən dövlət xidmətlərinin və ictimai nəqliyyatın fəaliyyəti pozulub, hava limanlarından uçuşlar həyata keçirilməyib. 

AFN.az xəbər verir ki, ölkənin iri həmkarlar ittifaqları CSC, FGTB və Synova-nın çağırışı ilə işçilər federal hökumətin sosial xərcləri azaltmaq planlarına və alıcılıq qabiliyyətinin zəifləməsinə etiraz olaraq bir günlük işi dayandırıblar.

Tətil səbəbindən ölkə üzrə dövlət və özəl sektor xidmətlərinin fəaliyyəti əhəmiyyətli dərəcədə pozulub, gündəlik həyat, demək olar ki, dayanma nöqtəsinə çatıb.

Belçikanın hava məkanına cavabdeh qurumu Skeyes-in əməkdaşlarının tətilə qoşulması nəticəsində saat 07:00-dan 21:00-dək ölkə üzrə uçuşlar həyata keçirilməyib. Həmin müddətdə hava hərəkətinin idarə edilməsi xidməti də göstərilməyib. Brüssel hava limanında bu saatlar ərzində bütün eniş və uçuşlar, Şarlerua hava limanında isə gün ərzində nəzərdə tutulan bütün reyslər ləğv edilib.

Brüsselin ictimai nəqliyyat sistemində (STIB) çalışanların da tətilə qoşulması səbəbindən şəhər üzrə metro, avtobus və tramvay reyslərinin böyük hissəsi həyata keçirilməyib.

Flamand və Vallon bölgələrində fəaliyyət göstərən ictimai nəqliyyat şirkətlərinin əməkdaşlarının da tətilə qoşulması ilə fasilələr ölkə miqyasına yayılıb.

Çoxsaylı müəllimlərin tətilə qatılması səbəbindən bəzi məktəblərdə dərslər keçirilməyib.

Bələdiyyə işçilərinin də böyük dəstək verdiyi tətil nəticəsində zibil yığımı, uşaq bağçalarının fəaliyyəti və müxtəlif inzibati xidmətlərdə fasilələr yaranıb.

Brüsseldə etiraz aksiyası keçirilib. Tətil çərçivəsində minlərlə insan hökumətin siyasətinə qarşı paytaxtda nümayiş təşkil edib.

Etirazçılar Brüsselin Şimal Dəmiryol Vağzalının qarşısında toplaşıb, həmkarlar ittifaqlarının qırmızı, yaşıl və mavi rəngli gödəkçələrini geyiniblər.

Hökumət əleyhinə şüarlar səsləndirən və plakatlar daşıyan nümayişçilər bir neçə kilometr yürüş ediblər. Yürüş səbəbindən Brüsselin mərkəzi rayonlarında yollar gün ərzində nəqliyyatın hərəkəti üçün bağlanıb.

Tətil Belçikanın Baş naziri Bart De Veverin rəhbərlik etdiyi koalisiyanın büdcə müzakirələrinin davam etdiyi dövrə təsadüf edir.

Həmkarlar ittifaqları hökumətin büdcə kəsirini azaltmaq üçün planlaşdırdığı tədbirlərin işçilərin alıcılıq qabiliyyətini və sosial hüquqlarını zəiflətdiyini iddia edirlər.

İttifaqlar federal hökumətdən büdcə kəsirinin aradan qaldırılmasına yönələn tədbirləri dəyişdirməyi və əhalinin alıcılıq qabiliyyətini qorumağı tələb edirlər.

Onlar həmçinin əməkhaqlarının və sosial müavinətlərin yaşayış xərclərinə uyğun olaraq avtomatik artırılması mexanizminin saxlanılmasını, dövlət xidmətlərində büdcə ixtisarlarından imtina edilməsini istəyirlər.

Həmkarlar ittifaqlarının təklif etdiyi alternativ büdcə planı kapital gəlirlərindən daha çox vergi tutulmasını və vergidən yayınmaya qarşı mübarizənin gücləndirilməsini nəzərdə tutur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu