Yunanıstanda fəhlələr və məmurlar 24 saatlıq tətilə başlayıblar

Yunanıstanda fəhlələr və dövlət qulluqçuları hökumətdən yaşayış bahalığına qarşı tədbir görməyi tələb edərək 24 saatlıq tətilə başlayıblar.
Həmkarlar İttifaqları Konfederasiyası (GSEE) və Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyasının (ADEDY) çağırışı ilə fəhlələr və dövlət qulluqçuları 24 saatlıq tətilə başlayıblar. Tətilə Yunanıstan Kommunist Partiyasına (KKE) bağlı olan PAME işçilərinin həmkarlar ittifaqı da dəstək verib.
Tətil səbəbindən bir çox şəhərlərdə, xüsusən də paytaxt Afinada ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Dəmir yolu və dəniz nəqliyyatı isə tamamilə dayandı. Hava limanlarında uçuşlar təxirə salınıb.
Afinada toplaşan minlərlə fəhlə və məmur parlament binası qarşısında yürüş keçirib.
Fəallar hökumətin yaşayış minimumuna çarə tapması və maaşların artırılması tələblərini səsləndiriblər.
Təqaüdçülər isə 2009-cu ildə başlayan iqtisadi böhran zamanı ləğv edilən 13 və 14-cü maaş sisteminin bərpasını tələb ediblər.
Oxşar etirazlar ölkənin bir çox müxtəlif şəhərlərində, xüsusilə Salonikidə də keçirilib.