“Turan”ın ÇL sınağı: Tovuz klubunu bu mərhələdə nə gözləyir?
Azərbaycan qadın voleybolunda yeni mərhələyə qədəm qoyan Tovuzun “Turan” klubu CEV Çempionlar Liqasının qrup mərhələsində debüt etməyə hazırlaşır.
AFN.az xəbər verir ki, baş məşqçi Ziya Rəcəbovun rəhbərlik etdiyi komanda təsnifat mərhələlərində əvvəlcə Xorvatiyanın “Mladost” klubunu (evdə 3:0, səfərdə 3:2), daha sonra isə Bolqarıstanın “Maritsa” kollektivini (hər iki görüşdə 3:0) mübarizədən kənarlaşdıraraq qitənin bir nömrəli klub turnirinin əsas mərhələsinə məğlubiyyətsiz yüksəlib. Lakin D qrupunda Tovuz təmsilçisini Avropa voleybolunun ən iddialı və titullu komandalarına qarşı çətin mübarizə gözləyir.
Debüt mövsümündə (2025/2026) finalda “DH Volley” klubunu 3:1 hesabı ilə məğlub edərək Azərbaycan çempionu olan “Turan” qitə miqyaslı sınaq ərəfəsində heyətini həm milli komandamızın aparıcı üzvləri, həm də dünya voleybolunda tanınan təcrübəli legionerlərlə gücləndirib. İtaliyada keçirdiyi təlim-məşq toplanışı və təsnifat oyunlarında qazandığı inamlı qələbələrlə yüksək oyun forması nümayiş etdirən komandanın yerli özəyini Azərbaycan millisinin təcrübəli blokçusu və kapitanı Ayşən Əbdüləzimova, hücumçu Yelizaveta Ruban, blokçular Mariya Kirilyuk və Nilufər Ağazadə, eləcə də liberolar Yuliya Kərimova və Ceyran İmanova təşkil edir. Hücum xətti və oyun quruculuğu isə ötən ölkə çempionatının ən dəyərli oyunçusu (MVP) seçilmiş serbiyalı diaqonal hücumçu Marta Drpa, kubalı ulduz hücumçular Kenia Karkases, Vilma Salas və Ana Yilian Kleger, Çin millisinin 198 santimetr boya malik mərkəz blokçusu Yanq Hanyu, Cənubi Koreyanın tanınmış əkiz bacıları — toppaylayıcı Li Da-yonq və hücumçu Li Ce-yonq, slovakiyalı toppaylayıcı Barbora Kosekova və yaponiyalı libero Minami Yoşioka kimi güclü legionerlərlə möhkəmləndirilib.
“Turan”ın D qrupundakı hər üç rəqibi — Türkiyənin “Eczacıbaşı Peron İstanbul”, İtaliyanın “Savino Del Bene Scandicci” və Serbiyanın “TENT Obrenovac” klubları öz ölkələrinin çempionatlarında yüksək reytinqə malik təmsilçilər olduqları üçün təsnifat mərhələsindən azad edilərək birbaşa əsas mərhələyə vəsiqə qazanıblar.
Ötən mövsüm Çempionlar Liqasının finalçısı olan “Eczacıbaşı Peron İstanbul” qrupun əsas favoriti hesab olunur. İtaliyalı mütəxəssis Giulio Breqolinin çalışdırdığı komanda Türkiyə Sultanlar Liqasında 9 turdan sonra 7 qələbə qazanaraq 21 xalla “VakıfBank” və “Fenerbahçe”dən sonra üçüncü pillədə qərarlaşıb. İstanbul klubunun heyətində Ebrar Karakurt, Ekaterina Antropova, yaponiyalı ulduz Mayu İşikava, amerikalı blokçu Dana Rettke, eləcə də Türkiyə millisinin əsas simalarından olan toppaylayıcı Elif Şahin və libero Simge Aköz kimi dünya səviyyəli voleybolçular yer alır.
İtaliya A1 Seriyasında çıxış edən “Savino Del Bene Scandicci” daxili çempionata nisbətən qeyri-sabit başlayıb. Komanda ilk 8 turda 4 qələbə və 4 məğlubiyyətlə 14 xal toplayaraq turnir cədvəlinin 5–6-cı pillələrini bölüşür. Buna baxmayaraq, baş məşqçi Marko Qasparinin sərəncamında Çempionlar Liqasında medal uğrunda mübarizə aparmağa qadir heyət var. Kollektivin əsas hücum silahı kanadalı diaqonal hücumçu Kiera Van Rikdir. Bundan başqa, serbiyalı təcrübəli toppaylayıcı Maya Oqnyenoviç, blokçu Maya Aleksiç, amerikalı Averi Skinner, italiyalı Katerina Bosetti və braziliyalı Yuliya Berqmann da istənilən rəqib üçün ciddi təhlükə yarada bilər.
Serbiya çempionu kimi birbaşa qrup mərhələsinə vəsiqə qazanan “TENT Obrenovac” isə yerli Superliqada titulunu qorumaq uğrunda mübarizə aparır. Mövsümün əvvəlindən bəri cəmi bir matçda məğlub olan, digər bütün qarşılaşmalarını isə 3:0 hesablı qələbələrlə başa vuran Serbiya təmsilçisi hazırda turnir cədvəlində 2–3-cü yerləri bölüşür. Əsasən gənc və perspektivli yerli voleybolçulardan formalaşan komandanın lideri Serbiya millisinin təcrübəli diaqonal hücumçusu Ana Byeliçadır. Orta blokçu Daniyela Andriç və gənc istedad Mia Çiriç də kollektivin seçilən oyunçuları sırasındadır.
Büdcə, heyət dərinliyi və beynəlxalq təcrübə baxımından “Eczacıbaşı” və “Scandicci”nin qrupdakı üstünlüyü şübhə doğurmur. Bu səviyyəli rəqiblərlə qarşılaşmalarda qazanılacaq hər set belə Tovuz klubu üçün böyük idman təcrübəsi olacaq. “Turan”ın qrupda xal və qələbə qazanmaq baxımından ən real şansı isə “TENT Obrenovac”la görüşlərdədir. Təcrübəli legionerlərinə güvənən Tovuz klubunun gənc heyətli Serbiya çempionunu, xüsusilə doğma azarkeşləri önündə məğlub etmək potensialı kifayət qədər yüksək qiymətləndirilir. Reqlamentə əsasən, təmsilçimiz bu rəqibini qabaqlayaraq qrup mərhələsini üçüncü pillədə başa vurarsa, avrokuboklarda mübarizəni CEV Kubokunun 1/4 final mərhələsindən davam etdirmək hüququ qazanacaq.
Avropa Voleybol Konfederasiyasının (CEV) təsdiqlədiyi qərara əsasən, “Turan” qrup mərhələsindəki bütün ev oyunlarını doğma arenasında — Tovuz Olimpiya İdman Kompleksində keçirəcək. Təmsilçimiz mübarizəyə noyabrın 25-də İtaliyada “Savino Del Bene Scandicci”, dekabrın 2-də isə İstanbulda “Eczacıbaşı Peron İstanbul”la səfər oyunları ilə başlayacaq. Daha sonra Ziya Rəcəbovun yetirmələri Tovuzda ardıcıl üç ev matçına çıxacaqlar: dekabrın 16-da “TENT Obrenovac”, 2027-ci il yanvarın 13-də “Eczacıbaşı Peron İstanbul”, yanvarın 27-də isə “Savino Del Bene Scandicci” doğma azarkeşlər önündə qəbul ediləcək. Qrup mərhələsi 2027-ci il fevralın 3-də Serbiyanın Obrenovaç şəhərində “TENT Obrenovac”a qarşı keçiriləcək həlledici səfər görüşü ilə başa çatacaq.
Səbuhi QAFAROV

