Hörmüz boğazında ticarət gəmilərinə hücumlar artır – media


Hörmüz boğazında və ətraf sularda ticarət gəmilərinə hücumların sayı ABŞ-İran münaqişəsi başlayandan bəri ən yüksək səviyyəyə çatıb.

AFN.az xəbər verir ki, CNN telekanalı dəniz insidentləri ilə bağlı məlumatlara istinadən bölgədə hücumların intensivləşdiyini bildirib.

Telekanalın məlumatına görə, noyabrın əvvəlindən indiyədək azı 22 hücum qeydə alınıb. Bu, müharibə başlayandan bəri ikinci ən yüksək göstəricidir. Söhbət Hörmüz boğazı, Fars körfəzi və Oman körfəzini əhatə edən ərazidən gedir.

Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələri ilə əlaqəli Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatlarına əsasən, oktyabrda hücumların ümumi sayı ABŞ-İran müharibəsinin fevralın sonunda başlamasından bəri ilk dəfə 30-u ötüb. Beynəlxalq Dəniz Təşkilatı (IMO) da oktyabr ayında bu il üzrə təsdiqlənmiş insidentlərin ən yüksək sayını qeydə alıb. Oktyabr ayına qədər bölgədə ay ərzində orta hesabla 10 hücum baş verirdi.

CNN qeyd edir ki, münaqişə başlayandan Hörmüz boğazı uğrunda ciddi mübarizə gedir. Gəmilərə hücumlar neft və qaz daşımalarına mane olur, bununla da qlobal iqtisadiyyata təsir göstərir. Müharibədən əvvəl dünya neftinin təxminən beşdə birinin daşındığı bu boğazdan kommersiya gəmiçiliyi 2025-ci ilin baza göstəriciləri ilə müqayisədə kəskin azalıb.

Telekanalın məlumatına görə, dünya bazarında neft qiymətlərinin enməsi və İranın daxili neft gəlirlərinin azalması fonunda Tehran boğaz üzərində nəzarəti bərpa etməyə çalışır və hücumların intensivliyini artırır. Ekspertlər hesab edirlər ki, İran bu su yolu üzərində nəzarəti itirməkdədir və Vaşinqtondan güzəştlər əldə etmək məqsədilə hücumları daha da genişləndirə bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu