Hörmüz boğazı faktiki bağlandı: Qlobal enerji ticarəti təhlükədə
İran, Oman və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nəzarətində olan Hörmüz boğazı qlobal enerji ticarətinin 20 faizinin keçdiyi ən strateji dəniz keçidlərindən biri kimi tanınır.
AFN.az xəbər verir ki, Fars körfəzini Oman dənizinə bağlayan 33 kilometr enindəki Hörmüz boğazı dünya dəniz yolları arasında mühüm su yolu olaraq ön plana çıxır.
ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) 2025-ci il məlumatlarına görə, Hörmüz boğazından gündəlik 20 milyon bareldən çox xam neft və neft məhsulları keçir. Bu miqdar dünya maye neft istehlakının təxminən 20 faizinə bərabərdir. Eyni zamanda, qlobal LNG (mayeləşdirilmiş təbii qaz) ticarətinin 20 faizi də məhz bu marşrutdan istifadə edir. EIA məlumatlarına görə, Hörmüzdən keçən neftin təxminən 70-80 faizi Asiya ölkələrinə (Çin, Hindistan, Yaponiya və Cənubi Koreya) istiqamətlənir.
ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumlardan sonra İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) boğazdan ticarət gəmilərinin keçidini faktiki olaraq əngəlləyib. SEPAH radio dalğaları vasitəsilə gəmilərə "Heç bir gəmi keçə bilməz" və "Keçidə icazə verilmir" xəbərdarlıqlarını ünvanlayıb. Avropa İttifaqının "Aspides" dəniz missiyasının rəsmisi bu mesajların birbaşa SEPAH-dan gəldiyini təsdiqləyib.
Vəziyyət daha da gərginləşərkən, İran Silahlı Qüvvələri Oman sahillərində "Skylight" adlı neft tankerini xəbərdarlıqlara məhəl qoymadığı üçün vurub və gəmi batmağa başlayıb. "MarineTraffic"in məlumatına görə, boğazda hərəkət 40-70 faiz azalıb, 250-dən çox tanker açıq sularda gözləyir. Bu blokada qlobal bazarlarda neftin qiymətinin 10 faiz artmasına səbəb olub.

