Rusiya: Ukraynanın NATO-ya üzvlüyə yaxın status alması da qəbuledilməzdir



Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukraynanın NATO-ya faktiki üzv olmadan üzvlüyə yaxın status qazanmasına imkan verəcək hər hansı formulun belə Moskva üçün qəbuledilməz olduğunu bildirib. 

AFN.az xəbər verir ki, nazir müavini bu mövqeyini Sankt-Peterburqda jurnalistlərə açıqlamasında ifadə edib.

Ryabkov Ukrayna böhranı ilə bağlı danışarkən Rusiya Prezidenti Vladimir Putinin Avropa rəsmilərinin diplomatik kanallar vasitəsilə Moskvaya dəvət edildiyini bir gün əvvəl açıqlamasına diqqət çəkib. O, bu istiqamətdə işlərin aparıldığını bildirib.

Rusiyanın Qərbə ünvanladığı tələblərdən danışan Ryabkov təhlükəsizliyin bölünməzliyi prinsipindən imtina edilə bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, digər ölkələrin təhlükəsizliyi hesabına öz təhlükəsizliyini gücləndirmək mümkün deyil. O qeyd edib ki, bu prinsip Avropa İttifaqı (Aİ) və NATO ilə təmaslarda Rusiyanın yanaşmasının əsasını təşkil edir.

Ukraynanın NATO-ya qoşulması ehtimalını da şərh edən Ryabkov bildirib ki, Ukraynanın alyansa faktiki üzv olmadan üzvlüyə yaxın status qazanmasını təmin edəcək hər hansı formulun mövcudluğu belə Rusiya üçün qəbuledilməzdir.

O, təhlükəsizlik zəmanətlərinə ilk növbədə Rusiyanın öz təhlükəsizliyinin təmin edilməsi baxımından yanaşdıqlarını deyib. Ryabkovun sözlərinə görə, Ukrayna məsələsində Kiyev, hər şeydən əvvəl, ölkənin NATO-ya qoşulmasının qəbuledilməz olduğuna dair Rusiyanın dəyişməz tələbini qəbul etməlidir. Bu baş verdikdən sonra təhlükəsizlik zəmanətləri məsələsi müzakirə oluna bilər.

Ryabkov, həmçinin Ukrayna məsələsi ilə bağlı Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ikinci raundunun keçirilməsi barədə hələlik razılıq əldə olunmadığını bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu