Lavrov: Avropalılar bizə hücum etsələr, bu müharibə fərqli olacaq və çox qısa sürəcək



Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin Rusiyaya hücum edəcəyi təqdirdə müharibənin fərqli xarakter daşıyacağını və qısa müddət davam edəcəyini bildirib.

AFN.az xəbər verir ki, Lavrov Moskva şəhərində ölkədəki xarici diplomatik nümayəndəliklərin təmsilçiləri ilə dəyirmi masa görüşü keçirib.

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli formatda danışıqların yenidən başlanması ehtimalını dəyərləndirən Lavrov ciddi danışıqlara hər zaman hazır olduqlarını deyib.

“Ciddi danışıqlara hər zaman hazırıq. Danışıqlardan imtina etməmişik. Danışıqlar üçtərəfli və ya ikitərəfli ola bilər. Danışıqları heç vaxt uzatmadıq və çətinləşdirməyə çalışmadıq”, - deyə o bildirib.

Lavrov Rusiya ilə Ukrayna arasında 2022-ci ildə İstanbulda danışıqlar aparıldığını xatırladaraq, Qərbin müdaxiləsi nəticəsində İstanbul razılaşmalarının qarşısının alınmasından sonra danışıqlar davam etdiyi müddətdə xüsusi hərbi əməliyyatı dayandırmayacaqlarını söyləyib.

Rusiyanın Ukrayna ilə bağlı şərtlərinin dəyişmədiyini bildirən Lavrov mövqelərini heç vaxt dəyişmədiklərini və bu çərçivədə ağlabatan kompromislər tapmağa hazır olduqlarını qeyd edib.

O, Rusiyanın əsas məqsədlərinin təhlükəsizliyini təmin etmək, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına imkan verməmək, həmçinin rusların və rusdilli insanların qanuni hüquqlarını qorumaq olduğunu deyib.

Lavrov ABŞ-nin digər Qərb ölkələrindən fərqli olaraq bu əsas səbəbləri anladığını bildirib və ABŞ administrasiyasının Ukrayna böhranının həllinə yönəlmiş təşəbbüslərini yüksək qiymətləndirdiklərini vurğulayıb.

Lavrov ABŞ-nin İran məsələsinin həlli müqabilində Ukrayna ilə bağlı məsələnin həllinə görə Rusiyaya heç vaxt hər hansı mübadilə təklif etmədiyini də qeyd edib.

Lavrov Avropa İttifaqı (Aİ) ölkələrinin Ukrayna ilə bağlı mövqeyini də tənqid edib.

“Avropalılar Krımı və Donbası heç vaxt tanımayacaqlarını, 1991-ci il sərhədlərini qəbul etdiklərini deyirlər. Aİ bu mənasız mövqeyini davam etdirir və bunu siyasi sənədlərinə, bəyanatlarına və deklarasiyalarına daxil etməyə davam edir. Aİ həmçinin Ukraynanın NATO üzvü olacağını daim bildirir. Avropalılar ABŞ-ni Ankoric razılaşmalarından imtina etməyə inandırmasaydılar, dünya bir ildir müharibəsiz yaşayacaqdı”, - deyə Rusiya XİN rəhbəri bildirib.

Avropa ölkələrinin zaman-zaman Moskva ilə Ukrayna məsələsi üzrə gizli kommunikasiya kanalı yaratmağa çalışdığını deyən Lavrov Rusiyanın danışıqlardan heç vaxt imtina etmədiyini vurğulayıb.

Rusiyanın Avropa ölkələrinə hücum etmək niyyətində olmadığını bildirən Lavrov “Avropalılar bizə hücum etsələr, bu müharibə fərqli olacaq və çox qısa sürəcək” deyib.

Lavrov Avropanın Rusiya gəmilərini saxladığını da bildirib. O, naviqasiya azadlığına müdaxilələrin son dövrdə artmasını narahatedici hal adlandırıb.

“Avropa ölkələri yanvar ayından etibarən uydurma səbəblərlə 12 gəmini saxlayıb. Gəmilər heç bir hüquqi əsas olmadan dayandırılır”, - deyə Lavrov bildirib.

İran və ABŞ arasında iyun ayında imzalanan anlaşma memorandumunun pozulduğunu, ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı planının da həyata keçirilmədiyini qeyd edən Lavrov ABŞ rəsmilərinin Ukrayna, İran və Fələstin məsələlərinin həllində hələ uğur qazana bilmədiklərini vurğulayıb.

Lavrov İran məsələsinin region ölkələrinin təşəbbüsləri ilə həll edilməli olduğunu bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu