Lavrov: Ukrayna ilə əlverişsiz sülh sazişi imzalamayacağıq



Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə əlverişsiz sülh sazişi imzalamayacaqlarını bildirib. Lavrov Rusiya Parlamentinin aşağı palatası olan Dövlət Dumasının deputatları qarşısında çıxış edib.

Rusiya ilə ABŞ arasındakı münasibətlərin yaxşılaşdırılması mövzusuna toxunan Lavrov "Hələlik, Ukrayna məsələsi ilə yanaşı ikitərəfli münasibətlərlə bağlı müxtəlif formatlarda dialoqun bərpası istisna olmaqla, nəzərəçarpan konkret nəticə əldə edə bilməmişik. Ümid edirəm ki, ABŞ ilə dialoq iqtisadi sahədəki layihələr də daxil olmaqla mühüm irəliləyişlərə yol açacaq" deyib.

ABŞ-ın milli təhlükəsizlik strategiyasını yenilədiyini xatırladan Lavrov, bu strategiyada Rusiyanın düşmən deyil, potensial tərəfdaş ölkə kimi göstərildiyinə diqqət çəkib. Lavrov, ABŞ-ın özündən uzaq bölgələrdə varlığını qorumağa çalışdığına işarə edərək amerikalı tərəfdaşlarla təmaslarda qarşılıqlı hörmət çərçivəsində çalışmağın vacib olduğunu vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putinin daha əvvəl ABŞ ilə imzalanan Yeni START Müqaviləsinin müddəti bitdikdən sonra 1 il ərzində sazişə əməl etməyi təklif etdiyini xatırladan Lavrov, ABŞ-ın bu təklifə rəsmən cavab vermədiyini bildirib. Nazir həmçinin ABŞ-ın Rusiya, Çin və İranın Venesueladakı fəaliyyətini qadağan etməsini "birbaşa ayrı-seçkilik" adlandırıb.

Keçən il Alyaskanın Ankoric şəhərində keçirilən sammiti xatırladan nazir, Ukrayna böhranının həlli ilə bağlı razılaşmaların qüvvədə qaldığını deyib: "Avropalılar və Zelenski bu razılaşmaları pozmaq istəyirlər. Əlverişsiz sülh sazişini imzalamayacağıq. Lakin qanuni maraqlarımızın tapdanmaması şərtilə güzəştlərə hazırıq".

Sonda Qrenlandiya mövzusuna toxunan Lavrov, Arktika bölgəsinin sülh və əməkdaşlıq zonası olaraq qalmalı olduğunu, bölgənin hərbiləşdiriləcəyi təqdirdə Rusiyanın zəruri tədbirlər görəcəyini qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu