Yer kürəsinin bir milyard ildən çox geoloji tarixi izsiz yoxa çıxıb



Alimlər Yer kürəsinin geoloji tarixində bir milyard ildən çox müddəti əhatə edən boşluqların səbəbini araşdırıblar. 

AFN.az xəbər verir ki, tədqiqatçılar planetin mantiyasındakı hərəkətlərin qitələri yüksəldərək aşındırdığını və bunun nəticəsində yüz milyonlarla illik geoloji qeydlərin silindiyini müəyyən ediblər.

Yer tarixinin bir milyard ildən artıq hissəsi geoloji qeydlərdə əks olunmayıb. Planetin müxtəlif bölgələrindəki qədim süxur laylarında mövcud olan nəhəng boşluqlar alimləri uzun müddətdir düşündürür və onlar bu itkin dövrlərdə nələrin baş verdiyini anlamağa çalışırlar. Tədqiqatçılar isə bu sirrin cavabını Yerin dərin qatlarında tapmış ola biləcəklərini düşünürlər.

Normal şəraitdə çöküntü qatları zamanla toplanaraq planetin keçmişi haqqında məlumatlar daşıyan çökmə süxurları əmələ gətirir. Daha qədim laylar, adətən, daha gənc layların altında yerləşir və bu, geoloqlara keçmişdəki ətraf mühit şəraitini yenidən təsəvvür etməyə imkan verir. Lakin geoloji qeydlər həmişə bu ardıcıllığa uyğun gəlmir.

Bunun ən diqqətçəkən nümunələrindən biri Böyük Kanyonda müşahidə olunur. Burada aralarında yüz milyonlarla il fərq olan süxurlar birbaşa üst-üstə yerləşir. Sanki hansısa qüvvə aradakı layları silib aparıb. Böyük Uyğunsuzluq adlanan bu boşluq Avropa, Avstraliya, Afrika və Asiyada da aşkarlanıb.

İtkin zaman intervalı bölgədən asılı olaraq 200 milyon ildən bir milyard ildən çox müddətə qədər dəyişir. Tədqiqatın aparıcı müəllifi Santosh Dhunqana bu vəziyyəti ortasından böyük bir hissə qoparılmış kitaba bənzədərək həmin səhifələrin təsadüfən yoxa çıxmadığını bildirib.

Nature jurnalında dərc olunan yeni araşdırmada Dhunqana və həmmüəllif Nikolas Flament yer qabığının dərinliklərindəki hərəkətlərin bu vəziyyətə səbəb olub-olmadığını araşdırıblar. Kompüter modellərindən istifadə edən tədqiqatçılar Yerin mantiya qatında isti süxurların dövranının yüz milyonlarla il ərzində qitələrə necə təsir etdiyini öyrəniblər.

Əldə olunan nəticələr göstərib ki, təxminən bir milyard il əvvəl başlayaraq 540 milyon il əvvələ qədər davam edən Neoproterozoy erasında indiki Şimali Amerikanı təşkil edən Lavrentiya, Şimali Avropadakı Baltika və Şimali Çin olmaqla üç böyük qədim qitə bölgəsi tədricən yuxarı doğru qalxıb. Bu yüksəlmə geniş quru sahələrini uzun müddət ərzində iqlim şəraitinin və eroziyanın təsirinə məruz qoyub. Su, külək və digər təbii proseslər əvvəllər yaranmış süxurları aşındıraraq yox edib.

Lakin süxurların aşınması bu geoloji tapmacanın yalnız bir hissəsi idi. Tədqiqatçılar həmin boşluqların bu gün də niyə görünən olduğunu izah etməli idilər. Qurulan modellərə görə, eyni bölgələr sonrakı dövrdə yenidən çökməyə başlayıb. Dəniz səviyyəsinin quruya nisbətən yüksəlməsi ilə aşınmış qədim səthlərin üzərində yeni çöküntülər toplanıb. Nəticədə bu gün də müşahidə olunan qədim və gənc süxurlar arasındakı kəskin sərhəd yaranıb.

Tədqiqatçılar modelləşdirmə zamanı müəyyən edilən qitələrin yüksəlməsi və çökməsi dövrlərinin Şimali Amerika, Şimali Avropa və Şimali Çindən əldə olunan geoloji sübutlarla üst-üstə düşdüyünü bildiriblər. Bu nəticə Yerin mantiya qatının dərinliklərində baş verən hərəkətlərin bu gün müşahidə etdiyimiz geoloji qeydlərin formalaşmasında mühüm rol oynadığını göstərir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu