Haitidə 94 min uşaq ağır aclıq təhlükəsi ilə üzləşə bilər
Haitidə 2027-ci ilədək 250 mindən çox uşağın kəskin qidalanma çatışmazlığı ilə üzləşə biləcəyi proqnozlaşdırılır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə İdarəsi (OCHA) xəbərdarlıq edib.
Qurumun məlumatına görə, zorakılıq, əhalinin məcburi köçkünə çevrilməsi və ərzaq çatışmazlığı ölkədə qidalanma böhranını daha da dərinləşdirir.
Ərzaq təhlükəsizliyinin İnteqrasiya olunmuş Təsnifat Sistemi çərçivəsində aparılan son təhlilə əsasən, 2027-ci ilədək 250 mindən çox uşaq kəskin qidalanma çatışmazlığı ilə üzləşə bilər. Onlardan təxminən 94 mininin həyati təhlükə yaradan ən ağır vəziyyətə düşə biləcəyi bildirilir. Risk qrupunda 25 mindən çox hamilə və süd verən qadın da var.
Vəziyyət xüsusilə paytaxt Port-o-Prens ətrafında narahatlıq doğurur. Proqnozlara görə, 2026-cı ilin dekabrından 2027-ci ilin mayınadək Haitinin Qərb departamentində yerləşən Kabare və Sity-Soley kommunalarında qidalanma çatışmazlığı kritik həddə çata bilər. Daha 28 kommunada da vəziyyətin pisləşəcəyi gözlənilir.
BMT qeyd edir ki, silahlı zorakılıq və əhalinin kütləvi köçü ailələrin ərzaq və tibbi xidmətlərə çıxışını məhdudlaşdırır, dolanışıq imkanlarını zəiflədir və humanitar yardımın çatdırılmasına mane olur. Xolera və difteriya xəstəliklərinin vaxtaşırı yayılması isə uşaqlar üçün əlavə təhlükə yaradır.
Hazırda Haiti ciddi təhlükəsizlik böhranı yaşayır. Silahlı dəstələr paytaxt Port-o-Prensin böyük hissəsinə və ona bitişik ərazilərin bir qisminə nəzarət edir. Silahlı zorakılıq səbəbindən Haitidə təxminən 1,5 milyon insan, yəni ölkə əhalisinin 10 faizindən çoxu evlərini tərk etmək məcburiyyətində qalıb. BMT və onun humanitar tərəfdaşları zərər çəkmiş əhaliyə yardım göstərir. 2026-cı ilin yanvar-sentyabr aylarında 2,4 milyondan çox insan ərzaq yardımı alıb.
