Aclıq səbəbilə ölüm riski ilə üz-üzə olan insanların sayı 300 milyona yaxınlaşır


Yeni yayımlanan Qlobal Ərzaq Böhranları Hesabatı (GRFC) dünyada aclıqla üzləşən insanların sayının ciddi şəkildə artdığını ortaya qoyub. 2024-cü ilin məlumatlarına əsaslanan hesabatda qeyd olunur ki, təxminən 300 milyon insan kəskin ərzaq çatışmazlığı səbəbilə ölüm riski altındadır.



Hesabatda göstərilir ki, silahlı münaqişələrin dərinləşməsi, humanitar yardımların azalması, iqlim və iqtisadi şoklar nəticəsində 13,7 milyon insan daha qida təhlükəsizliyindən məhrum olub. Beləliklə, qlobal ərzaq böhranı ardıcıl altıncı ildir ki, artmaqdadır.



GRFC tərəfindən araşdırılan 53 ölkədə əhalinin 22,6 faizi — yəni 295,3 milyon nəfər — ciddi qida çatışmazlığı ilə üz-üzədir.



Aclıq, ölüm və qidalanma pozğunluğu təhlükəsi artır



BMT tərəfindən dəstəklənən İnteqrə Qida Təhlükəsizliyi Təsnifatı Sisteminə (IPC) görə, “fəlakət” kateqoriyasına daxil olan – yəni aclıq, ölüm və ağır qidalanma pozğunluğu ilə müşayiət olunan – qrupun sayı ötən ilə nisbətən iki dəfədən çox artıb.



Bu risk qrupunun 95 faizindən çoxu Qəzza Zolağı və Sudanda yaşayır. Bununla yanaşı, Haiti, Mali və Cənubi Sudan da eyni böhranın yaşandığı bölgələr kimi qeyd olunur.



Sudanda davam edən vətəndaş müharibəsi 24 milyondan çox insanı kəskin ərzaq çatışmazlığına sürükləyib və ölkədə rəsmi olaraq aclıq elan edilib.



Qəzza Zolağında vəziyyət daha da ağırlaşıb. Mütəxəssislər əhalinin yarısının artıq “fəlakət səviyyəsində aclıq” yaşadığını bildirirlər.



Qəzzada aclıq riski kritik həddə çatıb



Hesabatda qeyd edilir ki, mart ayının əvvəlində sərhəd keçidlərinin tamamilə bağlanması və iki aylıq atəşkəsin sona çatması Qəzzada ərzaq ehtiyatını kəskin şəkildə məhdudlaşdırıb.



Bundan öncə yayımlanan IPC hesabatı da bu vəziyyəti təsdiqləyib: 2,1 milyon fələstinli davam edən İsrail blokadası səbəbilə kritik səviyyədə aclıq riski ilə üz-üzədir.



Bundan əlavə, GRFC mütəxəssisləri Myanma, Nigeriya və Konqo Demokratik Respublikası kimi ölkələrdə də silahlı qarşıdurmalar səbəbilə ərzaq təhlükəsizliyinin ciddi şəkildə pozulduğunu bildiriblər.



İqlim böhranı və yardımın azalması vəziyyəti daha da pisləşdirir



Hesabatda iqlim dəyişikliklərinin də qlobal ərzaq böhranını dərinləşdirdiyi vurğulanır. Xüsusilə Efiopiya, Keniya, Somali, Əfqanıstan və Pakistan kimi ölkələrdə quraqlıq riski artmaqdadır.



Digər tərəfdən, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) də daxil olmaqla bir sıra təşkilatların maliyyə dəstəyini dayandırması nəticəsində, təkcə bu il 14 milyondan çox uşağa yönəlmiş qidalanma proqramları ləğv olunub.



Bu vəziyyət Sudan, Yəmən və Haiti kimi ölkələrdə milyonlarla uşağı ağır qidalanma pozğunluğu və ölüm riski ilə qarşı-qarşıya qoyub.



GRFC qeyd edir ki, yardım dəstəkləri azalmamışdan əvvəl belə araşdırılan 53 ölkənin təxminən yarısında ərzaq böhranı hökm sürürdü.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu