Ərsin Tatar: Tez ya gec Şimali Kiprin tanınması vacibdir

Şimali Kipr prezidenti Ərsin Tatar Kiprin şimalında bir quruluşun, bir reallığın və insanların yaşadığı bir sistemin olduğunu vurğulayaraq, “Tez ya gec Şimali Kiprin tanınması vacibdir” deyə açıqlama verib.
Şimali Kipr prezidenti Ərsin Tatar Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin Kipr üzrə şəxsi nümayəndəsi Mariya Angela Holgin Kueyyarı qəbul edib.
Prezidentlik iqamətgahında baş tutan görüşdə başda BMT baş katibi Antonio Quterreşin ev sahibliyi ilə 16–17 iyul tarixlərində Nyu-Yorkda keçiriləcək 5+1 formatında genişləndirilmiş görüş olmaqla, Kipr məsələsi ilə bağlı mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra mətbuat konfransı keçirən Tatar bildirib ki, Nyu-Yorka konstruktiv yanaşma ilə gedəcəklər. O, Cənubi Kiprin (CKRİ) Şimali Kiprdən əmlak alanlara qarşı həyata keçirdiyi həbsetmə tədbirlərinə dair narahatlıqlarını bir daha şəxsi nümayəndə Kueyyara çatdırdıqlarını deyib.
Tatar Azərbaycanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bir çox dövlət başçıları ilə görüşdüyünü və orada Şimali Kiprin mövqeyini izah etdiyini bildirərək “Artıq bu saatdan sonra keçmişə dönüş və federal dam altında bir ortaq dövlət qurmaq bizi çox geri aparar. Bərabər suverenliyə və bərabər beynəlxalq statusa əsaslanan iki dövlətli yeni siyasətin uğurlu olması üçün birlik və həmrəylik vacibdir” deyə əlavə edib.
Kiprin şimalında bir quruluşun, bir gerçəkliyin və insanların yaşadığı bir nizamın olduğunu qeyd edən Tatar, iki dövlətli gerçəkliyin getdikcə daha çox qəbul olunmağa başladığını vurğulayıb.
Tatar əlavə edib ki, Kiprdə mövcud olan iki quruluşun bundan sonra birləşməsi mümkün deyil və sözlərinə belə davam edib:
“Tez ya da gec KKTC-nin tanınması lazımdır. Sabah səhər tanıyın demirəm, amma nə vaxtsa bu edilməlidir. Burada bir Şimali Kipr dövləti mövcuddur. Kiprdə iki dövlət var. Ola bilsin ki, şimaldakı dövlət müxtəlif səbəblərdən hələ tanınmayıb. Amma bizim reallığımız budur.”