Şimali Kore Seulu mina partlayışını uydurmaqda ittiham etdi



Şimali Kore BMT Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda Cənubi Koreyanı ötən ay sərhəddə baş verən mina partlayışı hadisəsini uydurmaqda ittiham edib. 

AFN.az xəbər verir ki, Pxenyan hadisənin Seul tərəfindən uydurulduğunu və bunun Şimali Koreyanın cənub sərhədində möhkəmləndirmə işlərinə mane olmaq məqsədi daşıdığını iddia edib.

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Pxenyan administrasiyasının Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəliyi dünən BMT Təhlükəsizlik Şurasının sədrinə sentyabrın 21-də baş verən mina partlayışı ilə bağlı məktub göndərib.

Hadisənin Cənubi Koreya tərəfindən uydurulduğu iddia edilən məktubda bunun Şimali Koreyanın cənub sərhədini möhkəmləndirmə işlərini gecikdirmək və əngəlləmək məqsədi daşıyan qərəzli addım olduğu bildirilib.

Məktubda qeyd olunub ki, Cənubi Koreya xəbərdarlıqlara baxmayaraq, Şimali Koreyanın suverenliyini və ərazi bütövlüyünü pozarsa, bütün nəticələrə görə tam məsuliyyət daşıyacaq.

Son dövrlərdə Şimali və Cənubi Koreya arasında gərginlik sentyabrın 21-də Silahsızlaşdırılmış Zonada piyada minasının partlaması nəticəsində üç Cənubi Koreya əsgərinin yaralanması və Seulun hadisəyə görə Pxenyanı ittiham etməsindən sonra yenidən artıb.

Şimali Koreya partlayışa görə məsuliyyəti rədd edərək, əsgərlərinə atəş açılacağı təqdirdə dərhal və amansız şəkildə cavab verəcəyini bildirib.

Şimali Koreya lideri Kim Çen Inın bacısı və ölkəni idarə edən Koreya Fəhlə Partiyasının Baş Əlaqələr Departamentinin rəhbəri Kim Yo Con oktyabrın 19-da verdiyi açıqlamada cənub sərhədində Cənubi Koreya hərbi qüvvələrinin təxribatları ilə əlaqəli ciddi qeyri-sabitlik vəziyyətinin yarandığını iddia edib və Seul hökumətini təxribat törətməkdə günahlandırıb.

Kim Yo Con cənub sərhədində yerləşdirilən taktiki hücum vasitələrinin sayını artırmağı və ötən il dayandırdıqları səsgücləndiricilər vasitəsilə təbliğat yayımlarını bərpa etməyi nəzərdən keçirdiklərini bildirib.

Cənubi Koreya Baş Qərargah rəisi Cin Yon Son da cəbhə xəttindəki hərbi hissəyə səfəri zamanı əsgərlərə Şimali Koreyanın yeni təxribatlara əl atacağı təqdirdə qətiyyətlə cavab vermək barədə göstəriş verib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu