Bolqarıstanda prezident seçkiləri ikinci tura qaldı



Bolqarıstanda keçirilən prezident seçkilərində seçici fəallığının 50 faizdən aşağı olması və namizədlərdən heç birinin 50 faizdən çox səs toplamaması səbəbindən seçkinin ikinci turu keçiriləcək.

AFN.az xəbər verir ki, qeyri-rəsmi nəticələrə əsasən, İliyana Yotova və Andrey Gyurov noyabrın 1-də baş tutacaq ikinci turda mübarizə aparacaqlar.

Bolqarıstan Milli Televiziyasının (BNT) yaydığı Alpha Research şirkətinin qeyri-rəsmi nəticələrinə görə, hazırkı prezident İliyana Yotova və vitse-prezidentliyə namizəd Kiril Valçev 34,6 faiz, keçmiş baş nazir Andrey Gyurov və vitse-prezidentliyə namizəd Georgi Kandev isə 32,7 faiz səs toplayıb. Seçici fəallığı 22,5 faiz təşkil edib.

Myara şirkətinin qeyri-rəsmi nəticələrinə əsasən isə Yotova 35 faiz, Gyurov 31,9 faiz səs qazanıb. Bu şirkət seçici fəallığının 22,2 faiz olduğunu açıqlayıb.

Bu nəticələrə əsasən, Yotova və Gyurov noyabrın 1-də keçiriləcək ikinci turda qarşılaşacaqlar.

Səsvermə başa çatdıqdan sonra mətbuata ilk açıqlamasını verən Yotova bildirib ki, səs vermədən ölkədə nəyisə dəyişə biləcəklərini düşünmək illüziyadır.

Səsvermədə iştirak edən Bolqarıstan vətəndaşlarına və onu dəstəkləyən seçicilərə təşəkkür edən Yotova seçici fəallığının aşağı olmasından narahatlığını ifadə edib.

Yotova bütün Bolqarıstan vətəndaşları ilə daha qətiyyətli ünsiyyət quracaqlarını və seçki kampaniyasını davam etdirəcəklərini bildirib. O, ölkənin siyasi partiyalar arasında qurulan ittifaqlarla deyil, sabit idarəçiliklə idarə olunmasını istədiyini vurğulayıb.

Gyurov isə ikinci turdan əvvəl Yotovanı açıq debat keçirməyə dəvət edib.

Bolqarıstanın vətəndaşları bir-birindən ayırmaq əvəzinə onları birləşdirən fəal prezidentə ehtiyacı olduğunu bildirən Gyurov Yotovanı səlahiyyətlərindən necə istifadə edəcəkləri və ölkə çətin seçim qarşısında qalanda necə davranacaqları barədə fikirlərini açıqlamaq üçün açıq, dürüst və sivil müzakirəyə çağırıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu