ÜST: Hər il təxminən 1 milyon uşaq qida çatışmazlığı səbəbindən ölür
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, hər il təxminən 1 milyon uşağın qida çatışmazlığı səbəbindən öldüyünü açıqlayıb.
Qebreyesus Somali, Birləşmiş Ərəb Əmirlikləri, Bill və Melinda Qeyts Fondu, Uşaq İnvestisiya Fondu (CIFF) və Böyük Britaniya ilə əməkdaşlıq çərçivəsində Londonda keçirilən Qlobal Qida Təhlükəsizliyi Sammitinin açılış proqramında çıxış edib.
Yeməyin mədəniyyətin, inancın və hətta sənətin əhəmiyyətli bir parçası olduğunu vurğulayan Qebreyesus bildirib ki, yemək insan olmağın bir parçasıdır. "Bununla belə, dünyada bir çox insan, xüsusilə uşaqlar üçün qida və ya qida çatışmazlığı bir xəstəlik və ölüm mənbəyidir" - deyə o qeyd edib.
Qebreyesus Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin 2015-ci ildə müəyyən etdiyi Davamlı İnkişaf Məqsədləri çərçivəsində dünyanın 2030-cu ilə qədər aclıq və digər qida çatışmazlığını aradan qaldırmağı öhdəsinə götürdüyünü xatırladıb və buna nail olmaqdan çox uzaqda olduğumuzu bildirib.
Dünyada 5 yaşından kiçik 45 milyon uşağın norma ilə müqayisədə "təhlükəli" arıq olduğunu ifadə edən Qebreyesus, bu uşaqların 14 milyonunun ölüm riski yüksək olan ən ağır uşaq çəkisi problemi ilə üzləşdiyini vurğulayıb.
"Hər il təxminən 1 milyon uşağın qida çatışmazlığı səbəbindən öldüyü təxmin edilir. Bugünkü iclasımızı bitirəndə təxminən 900 uşaq lazımi qida və ya qayğı ilə təmin olunmadığı üçün ölmüş olacaq" - deyə Qebreyesus çıxışını davam etdirib.
Münaqişə, iqlim böhranı, təbii fəlakətlər və resursların tükənməsinin aclıq və qıtlıq riskini əhəmiyyətli dərəcədə artırdığını vurğulayan ÜST sözçüsü bildirib ki, qida çatışmazlığı da nəsillə bağlıdır: körpənin qidalanma vəziyyəti anasının daha əvvəl qidalanma vəziyyəti ilə sıx bağlıdır.
Qidalanma ilə bağlı problemlərin müalicəsinin artdığını vurğulayan Qebreyesus, ağır qidalanma problemi olan bir çox uşağın əsas qayğıya çıxışı olmadığını da ifadə edib.