Əfqanıstanda ərzaq çatışmazlığı dərinləşir: BMT təcili maliyyə dəstəyi istəyir
BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) Əfqanıstanda ölüm hallarının artmasının qarşısını almaq üçün ərzaq yardımının təcili artırılmasına çağırıb.
AFN.az təşkilatın aylıq məlumat bülleteninə əsasən xəbər verir ki, noyabr-yanvar aylarında mövcud vəsait yalnız ehtiyacı olan əhalinin 5 faizinə yardım göstərməyə imkan verəcək.
WFP bildirib ki, həmin dövrdə təxminən 1 milyon əfqanı ərzaqla təmin etmək mümkün olacaq. Üstəlik, onlara qış mövsümünün yalnız yarısı üçün nəzərdə tutulan ərzaq payının yarısı verilə biləcək. Təşkilat bu yardım səviyyəsinin kritik minimum həddən xeyli aşağı olduğunu vurğulayaraq, ölüm hallarının əhəmiyyətli dərəcədə artmasının qarşısını almaq üçün təcili maliyyələşməyə ehtiyac olduğunu qeyd edib.
Bülletendə Əfqanıstanda iqtisadi çətinliklər fonunda ərzaq təhlükəsizliyi vəziyyətinin pisləşdiyi bildirilir. Buğda unu, düyü, bitki yağı, şəkər və duz kimi əsas ərzaq məhsullarının qiymətləri ötən ilin göstəricilərini üstələyib. İş imkanlarının məhdudluğu və ailələrin gəlirlərinin azalması isə əhalinin alıcılıq qabiliyyətini zəiflədib. Nəticədə həssas ailələrin bir qismi əsas ehtiyaclarını qarşılamaqda çətinlik çəkir.
Təşkilat beş yaşadək uşaqlar arasında kəskin qidalanma çatışmazlığının bəzi əyalətlərdə yüksək səviyyədə qalmasından da narahatdır. Mövcud resurslar qidalanma çatışmazlığından əziyyət çəkən hər yeddi qadın və uşaqdan yalnız birinin müalicəsini təmin etməyə imkan verir.
WFP-nin məlumatına görə, 2026-cı ilin oktyabrından 2027-ci ilin martınadək Əfqanıstandakı humanitar əməliyyatlar üçün 592 milyon dollar tələb olunur. İndiyədək bu məbləğin yalnız 17 faizi əldə edilib.


