İsveç, ABŞ və Finlandiya Botniya körfəzində hərbi təlim keçirir
İsveç ABŞ və Finlandiya ilə birlikdə Botniya körfəzinin cənub hissəsində hərbi təlim keçirir.
AFN.az xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələrinin yaydığı məlumatda bildirilib.
Təlimlər çərçivəsində birgə hava hücumundan müdafiə, dəniz hədəflərinin məhv edilməsi, kiçik çaplı silahlardan istifadə və ümumi vəziyyət barədə məlumatlılığın artırılması üzrə məşqlər keçirilir.
Təlimlərdə İsveçin “Karlstad” korveti, Finlandiyanın “Hämeenmaa” minaaxtaran gəmisi və ABŞ-ın “Paul Ignatius” esminesi iştirak edir. Ümumilikdə üç ölkədən təxminən 450 hərbçi təlimlərə cəlb olunub.
İsveç Silahlı Qüvvələrinin məlumatına görə, Botniya körfəzi İsveç, Finlandiya və NATO üçün mühüm əhəmiyyət daşıyır. Buradakı dəniz yollarından sülh dövründə, eləcə də böhran və müharibə zamanı böyük həcmdə yük və hərbi texnikanın daşınması üçün istifadə olunur. İsveç və Finlandiya bölgədə mütəmadi təlimlər keçirir, digər müttəfiqlərin iştirakı isə daha az rast gəlinən haldır.
İsveç Hərbi Dəniz Qüvvələrinin əməliyyat şöbəsinin rəhbəri Paula Vallenburq bildirib ki, NATO-nun kollektiv müdafiəsi alyansın bütün ərazisini əhatə edir və buna görə də zəruri olan ərazilərdə birgə təlimlər keçirilməlidir.




