"Qazprom": Avropanın qaz ehtiyatları 70 milyard kubmetrdən aşağı düşüb
Rusiyanın enerji şirkəti “Qazprom” Avropadakı yeraltı təbii qaz anbarlarında olan ehtiyatların həcminin 70 milyard kubmetrdən aşağı endiyini açıqlayıb.
AFN.az xəbər verir ki, şirkətin yaydığı yazılı məlumatda Gas Infrastructure Europe təşkilatının noyabrın 21-nə olan göstəricilərinə əsasən, anbarlardakı təbii qazın həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 milyard kubmetr az olduğu bildirilib.
Açıqlamada Avropanın qaz ehtiyatlarının 70 milyard kubmetrdən aşağı düşdüyünə diqqət çəkilib. Ötən illə müqayisədə yaranan fərqin Fransadakı bütün yeraltı təbii qaz anbarlarının ümumi tutumuna yaxın olduğu qeyd edilib.
Avropa ölkələrinin təbii qaz anbarlarından istifadə mövsümünə ehtiyatların aşağı səviyyəsi ilə başladığı və anbarlardan intensiv şəkildə qaz götürməyə davam etdiyi bildirilib. Həmçinin Niderlanddakı anbarların doluluq səviyyəsinin də 60 faizdən aşağı düşdüyü vurğulanıb.
“Qazprom” təbii qaz anbarlarının doluluq səviyyəsinin aşağı olmasının qış aylarında istehlakın artdığı dövrlərdə Avropanın xaricdən qaz tədarükündən asılılığını yüksəltdiyi barədə xəbərdarlıq edib.
