Avropa birjalarında texnologiya səhmlərinin dəstəyi ilə yüksəliş qeydə alınıb


Avropa fond bazarlarında texnologiya səhmlərinin bahalaşması fonunda həftənin ilk ticarət günündə İtaliya istisna olmaqla, əsas indekslər müsbət dinamika nümayiş etdirir.

AFN.az xəbər verir ki, saat 12:30-a olan məlumata görə, Stoxx Europe 600 ümumavropa indeksi 0,5 faiz artaraq 629,02 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi isə 0,4 faiz yüksələrək 10 383,50 bəndə çatıb.

Almaniyanın DAX 40 indeksi əvvəlki bağlanışla müqayisədə 0,4 faiz artaraq 24 926,25 bəndə, İtaliyanın FTSE MIB indeksi 0,9 faiz azalaraq 48 260 bəndə, Fransanın CAC 40 indeksi 0,5 faiz yüksələrək 7 966,13 bəndə, İspaniyanın IBEX 35 indeksi isə 0,1 faiz artaraq 18 890,10 bəndə çatıb.

Avropa birjalarında ticarətin açılışında texnologiya sektoru indeksi yüksəlib. Yarımkeçiricilər sahəsində fəaliyyət göstərən ASML, ASM International və BE Semiconductor şirkətlərinin səhmləri bahalaşmaya öncülük edib. Qızıl qiymətlərindəki bərpa fonunda dağ-mədən sektoru indeksi də dəyər qazanıb.

Makroiqtisadi göstəricilərə gəlincə, bu gün açıqlanan ilkin məlumatlara əsasən, Fransada ümumi Satınalma Menecerləri İndeksi (PMI) noyabrda 46,6-dan 46,2-yə enib. Bu, özəl sektorda fəaliyyətin daralmasının dərinləşdiyini göstərir. Ölkədə istehsal sənayesi üzrə PMI göstəricisi də 49,5-dən 47,9-a düşərək son 12 ayın ən aşağı səviyyəsinə enib.

Digər tərəfdən, bu gün Avrozonada, Böyük Britaniyada və ABŞ-da açıqlanacaq istehsal sənayesi və xidmət sektoru üzrə PMI göstəriciləri investorların diqqət mərkəzindədir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu