ABŞ-da qaz kəmərində yanğın: Alovlar kilometrlərlə uzaqdan görünüb
ABŞ-ın Alabama ştatının kənd ərazisində təbii qaz boru kəmərində baş verən qismən yanğın zamanı yüksələn alov və tüstü kilometrlərlə uzaqdan müşahidə olunub.
AFN.az xəbər verir ki, hadisə ölkənin cənub-şərqində yerləşən ştatın Samter bölgəsi yaxınlığından keçən Southern Natural Gas şirkətinə məxsus qaz kəmərində qeydə alınıb.
ABC News telekanalının məlumatına görə, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə göndərilən yanğınsöndürmə briqadaları alovu söndürüblər.
Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Alabama ştatında fəaliyyət göstərən Southern Natural Gas şirkəti açıqlamasında bildirib ki, fövqəladə hallar xidmətlərinin əməkdaşları yanğın baş verən ərazidə təhlükəsizlik tədbirləri görüblər.
Şirkət yanğın səbəbindən kəmərin bir hissəsinin bağlandığını, lakin müştərilərə təbii qaz nəqlinin hadisədən təsirlənmədiyini açıqlayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə yanğından sonra alov və tüstünün göyə doğru onlarla metr yüksəldiyi görünür.
ABŞ mediasının məlumatına görə, yanğın kilometrlərlə uzaqdan da müşahidə edilib.
Yanğının başvermə səbəbi araşdırılır.
Southern Natural Gas şirkətinin təbii qaz kəməri ABŞ-ın Alabama, Florida, Corciya, Luiziana, Missisipi və Tennessi ştatlarından keçir.


