Avropa birjalarında eniş: əsas indekslər geriləyib
Süni intellektə yatırımlarla bağlı narahatlıqlar fonunda Avropa birjalarında mənfi dinamika müşahidə olunur. İnvestorlar bu gün ABŞ-da açıqlanacaq məşğulluq göstəricilərini gözləyirlər.
AFN.az xəbər verir ki, Avropa bazarlarında Bakı vaxtı ilə saat 11:30-a olan məlumata görə, Stoxx Europe 600 göstərici indeksi 1,3 faiz azalaraq 644,42 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi isə 1,5 faiz geriləyərək 10 623,55 bəndə düşüb.
Almaniyanın DAX 40 indeksi əvvəlki bağlanışla müqayisədə 1,3 faiz azalaraq 25 983,39 bənd, İtaliyanın FTSE MIB indeksi 1,1 faiz geriləyərək 49 934,50 bənd, Fransanın CAC 40 indeksi 1,1 faiz azalaraq 8 115,87 bənd, İspaniyanın IBEX 35 indeksi isə 0,5 faiz geriləyərək 19 356,98 bənd təşkil edib.
Süni intellekt sahəsinə yönəldilən yüksək investisiya xərclərinin yetərli gəlir gətirib-gətirməyəcəyi ilə bağlı suallar və məlumat mərkəzlərinə yatırımların yavaşlaya biləcəyi narahatlığı investorların risk iştahını zəiflədir. Qlobal bazarlarda səhmlərin satışına dair tendensiya davam edərkən, təhlükəsiz aktivlərə yönəlmə istiqrazlara tələbi artırır.
Avrozonada ticarət sessiyasının açılışında media, səhiyyə və pərakəndə satış sektorlarının indeksləri 2 faizdən çox geriləyib.
Şirkətlərin maliyyə hesabatlarına gəlincə, Almaniyanın kommersiya avtomobilləri istehsalçısı Daimler Truck-ın bu gün açıqladığı üçüncü rüb üzrə düzəliş edilmiş faiz və vergi öncəsi mənfəəti illik müqayisədə 73 faiz artaraq 1 milyard 124 milyon avroya çatıb. Şirkət 2026-cı il üçün proqnozlarını dəyişməyib.
Fransanın autsorsinq xidmətləri şirkəti Teleperformance-ın səhmləri isə il ərzində gəlir artımı ilə bağlı gözləntilərini aşağı salmasından sonra 18 faiz dəyər itirib.
Digər tərəfdən, Almaniya Federal Statistika İdarəsinin açıqladığı məlumatlara görə, ölkədə sənaye istehsalı sentyabr ayında mövsümi və təqvim təsirlərindən təmizlənmiş göstərici ilə əvvəlki ayla müqayisədə 0,7 faiz artıb.
