Avropa birjaları müsbət dinamika nümayiş etdirir
Yaxın Şərqdə geosiyasi gərginliyin azalması fonunda Avropa birjalarında müsbət tendensiya müşahidə olunur.
AFN.az xəbər verir ki,geosiyasi risklərin zəifləməsi nəticəsində neft qiymətlərinin enməsi fond bazarlarına müsbət təsir göstərir. ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla razılaşmanın əldə olunması ehtimalı yüksəkdir. Bununla yanaşı, o vurğulayıb ki, danışıqlar uğursuz olacağı təqdirdə Vaşinqton hərbi əməliyyatları yenidən başlada bilər.
Yaxın Şərqdə gərginliyin azalması nəticəsində Brent markalı neftin oktyabr fyuçerslərinin bir barelinin qiyməti 1,3 faiz azalaraq 84,8 dollara düşüb.
Bu hadisələrin fonunda yerli vaxtla saat 11:10 vəziyyətinə görə Stoxx Europe 600 indeksi 0,2 faiz artaraq 645,8 bənd, Böyük Britaniyanın FTSE 100 indeksi isə 0,1 faiz yüksələrək 10 787 bənd səviyyəsində ticarət olunub.
Almaniyanın DAX 40 indeksi 0,2 faiz artaraq 25 467 bənd, İtaliyanın FTSE MIB 30 indeksi 0,2 faiz yüksələrək 52 155 bənd, Fransanın CAC 40 indeksi 0,4 faiz bahalaşaraq 8 442 bənd, İspaniyanın IBEX 35 indeksi isə 0,4 faiz artımla 19 815 bənd səviyyəsində qərarlaşıb.
Yaxın Şərqdə gərginliyin azalmasına dair xəbərlər fonunda neft qiymətlərinin ucuzlaşması Avropa bazarlarında risk iştahasını artırıb. Eyni zamanda açıqlanan şirkət maliyyə hesabatları da ayrı-ayrı səhmlərin qiymətlərinə təsir göstərməkdə davam edir.
Yeni ticarət günündə enerji sektorunun səhmlərində eniş qeydə alınıb. Bu çərçivədə Shell şirkətinin səhmləri 0,7 faiz ucuzlaşıb.
Digər tərəfdən, Avropa Mərkəzi Bankının (ECB) siyasət müəyyən edən rəsmiləri bildiriblər ki, Yaxın Şərqdə nikbin mənzərə yaransa belə, bankın daha sərt pul siyasətinə ehtiyacı davam edir.
Bu açıqlamalardan sonra ECB-nin sentyabr ayında faiz dərəcəsini artıracağı ilə bağlı bazar gözləntiləri daha da güclənib.
Analitiklərin fikrincə günün qalan hissəsində ABŞ-da topdansatış ehtiyatları, mənzil qiymətləri indeksi, Richmond FED sənaye indeksi və New York FED istehlakçı inamı indeksinin nəticələri diqqət mərkəzində olacaq. Bununla yanaşı, Yaxın Şərqdəki hadisələrin inkişafı və enerji qiymətlərindəki dəyişikliklər də bazarlar tərəfindən yaxından izlənilir.
