Avropada hibrid təhdidlər narahatlığı artırır



Avropa ölkələrində sərnişin təyyarələrinə eyni vaxtda edilən bomba zəngləri, qida və səhiyyə sektorlarını hədəf alan kiberhücumlar, eləcə də təxribat əməlləri qitədə hibrid müharibə ilə bağlı narahatlıqları artırıb.

AFN.az xəbər verir ki, Avropada sərnişin təyyarələrinə edilən bomba zəngləri, supermarketlərin dondurucu kameralarının temperaturunu artıraraq yüz minlərlə avro dəyərində ərzağın xarab olmasına səbəb olan kiberhücumlar, qan banklarındakı soyutma sistemlərinin sıradan çıxarılması və Hellouin bayramında uşaqlara paylanan şirniyyatların içərisində kəsici metal əşyaların aşkarlanması kimi qeyri-adi hadisələr narahatlığa səbəb olub.

Pilotsuz uçuş aparatlarının hava məkanını pozduğu və süni intellekt dəstəkli dezinformasiya kampaniyalarının artdığı bir dövrdə baş verən bu hadisələr İspaniya, Fransa, İtaliya, Yunanıstan və Polşa kimi ölkələrdə qarşıdan gələn mühüm seçkilər ərəfəsində qeyri-müəyyənlik mühiti yaradıb.

Avropa üzrə uçuş həyata keçirən azı 25 sərnişin təyyarəsinə bomba qoyulması barədə xəbərdarlıq edilməsi hava nəqliyyatında fasilələrə səbəb olub. Yunanıstanın Aegean Airlines aviaşirkətinə məxsus Saloniki-Milan və Afina-Vyana reyslərini həyata keçirən iki təyyarə də daxil olmaqla, bəzi təyyarələr marşrutlarını dəyişməyə və ya məcburi eniş etməyə məcbur qalıb.

Təhlükəsizlik qüvvələrinin apardığı yoxlamalar zamanı heç bir təyyarədə partlayıcı maddə aşkarlanmayıb. Aegean Airlines ilə yanaşı, Aer Lingus, Air Europa, Austrian Airlines, EasyJet, Finnair, Ryanair, LOT Polish Airlines və Wizz Air kimi aviaşirkətlər də təhlükəsizlik protokollarının tam şəkildə tətbiq edildiyini bildiriblər.

Ötən günlərdə də azı yeddi təyyarənin və bir kruiz gəmisinin oxşar şəkildə əsassız bomba xəbərdarlıqlarına məruz qaldığı bildirilir. Aviasiya təhlükəsizliyi üzrə mütəxəssislər bu cür xəbərdarlıqların ilk dəfə baş vermədiyini, lakin hadisələrin eyni vaxtda qeydə alınmasının diqqətçəkən olduğunu vurğulayıblar.

Hava nəqliyyatında baş verən xəbərdarlıqlarla yanaşı, son həftələrdə Avropanın müxtəlif sektorlarında da qeyri-adi hadisələr yaşanıb. Fransadakı supermarketlərdə dondurucuların temperaturunu artıraraq ərzaqların xarab olmasına səbəb olan kiberhücumlar həyata keçirilib.

Oxşar kiber müdaxilələr Belçika, Lüksemburq, Niderland, İrlandiya, İsveç, Finlandiya və Estoniyadakı supermarketlərdə də qeydə alınıb. Eyni dövrdə Fransadakı qan banklarında istifadə olunan soyutma cihazlarının temperatur parametrlərinin də kiberhücumlar vasitəsilə dəyişdirildiyi bildirilib.

Hellouin bayramı dövründə Almaniya, Avstriya və Macarıstanda uşaqlara paylanan şirniyyatların içərisində iynə və kəsici metal əşyaların gizlədildiyi aşkarlanıb.

Hamburq yaxınlığında 9 yaşlı qız uşağı şirniyyatın içərisində gizlədilən iynəni dişləməsi nəticəsində xəsarət alıb. Polis rəsmiləri valideynlərə uşaqlarının topladığı şirniyyatları yoxlamaq barədə xəbərdarlıq ediblər.

NATO-nun Baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropadakı təhlükəsizlik vəziyyətinin getdikcə mürəkkəbləşdiyinə diqqət çəkərək təxribat əməllərinin, dezinformasiya kampaniyalarının və hava məkanının pozulmasının hibrid müharibə elementləri olduğunu bildiriblər.

Fransanın AFP xəbər agentliyinin yaydığı məlumata görə, təyyarələrə qarşı son bomba xəbərdarlıqlarının arxasında MG adlı qeyri-rəsmi ifrat sağçı Rusiya təşkilatının dayandığı ehtimal edilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu