Paraqvayda prezidentin istefası müzakirə edilərkən toqquşmalar baş verib


Paraqvayda prezident Santyaqo Penyanın istefası ilə bağlı parlament müzakirələri zamanı Konqres binasının qarşısında etirazçılarla polis arasında toqquşma baş verib.

AFN.az "ABC Color"a istinadən xəbər verir ki, qarşıdurma bir qrup deputatın prezidentin istefasının qəbul edilməsinə səs verməsindən sonra başlayıb. Lakin kvorum olmadığı üçün iclas qısa müddət sonra başa çatdırılıb.

Penya "Ueno Bank" ətrafında yaranmış qalmaqala görə barəsində impiçment prosesinə başlanması təklifinin müzakirə edildiyi vaxt istefa verdiyini açıqlamışdı. Müxalifət prezidentin bankla ehtimal olunan əlaqələrini maraqlar toqquşması kimi qiymətləndirir.

Prezidentin vəzifədən kənarlaşdırılmasını istəyən deputatlar hökumətin bankdakı problemləri son ana qədər inkar etdiyini bildiriblər. Onlar həmçinin dövlətin sosial sığorta fondunun maliyyə çətinliyi yaşayan "Ueno Bank"a qanunvericiliyin icazə verdiyindən artıq vəsait yerləşdirməsinə yol verildiyini iddia edirlər.

Penyanın istefa açıqlamasına baxmayaraq, deputatlar impiçment prosesinin başlanmasına səs veriblər. Növbəti mərhələdə Senat Palatası açıq dinləmələr keçirərək prezidentin təqsirli olub-olmaması barədə qərar verməlidir.

Xatırladaq ki, Paraqvay Mərkəzi Bankının "Ueno Bank"da xarici idarəetmə tətbiq etməsindən sonra maliyyə qurumundakı bütün hesablar dondurulub. Bankın təxminən 3 milyon müştərisi var. Paraqvayın ümumi əhalisi isə 7 milyon nəfərdir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu