Fransada ümumi tətil öncəsi 70 mindən çox polis səfərbər edilib



Fransada yanacağın bahalaşması, həyat xərclərinin artması və təhsil sektorundakı çatışmazlıqlara etiraz olaraq müxtəlif təbəqələrdən yüz minlərlə insanın qatılacağı gözlənilən aksiyalar öncəsi Daxili İşlər Nazirliyi təhlükəsizlik tədbirlərini gücləndirib.

AFN.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, ölkənin aparıcı həmkarlar ittifaqlarının çağırışı ilə həyat bahalılığına qarşı bir çox şəhərdə keçiriləcək aksiyalarda 700 mindən çox insanın iştirakı gözlənilir.

Təhsil şəraitindəki çatışmazlıqlara etiraz edən lisey şagirdlərinin aksiyalarının təxminən iki aydır davam etdiyi, Sarı jiletlilərin isə oktyabrın 17-də, 24-də və 31-də küçələrə çıxdığı Fransada ictimai narazılıq davam edir. Daxili İşlər naziri Loran Nunez ümumi tətil öncəsi təhlükəsizlik tədbirlərini gücləndirdiklərini açıqlayıb.

Ölkə üzrə 70 mindən çox polis və jandarmın xidmət aparacağını bildirən Nunez mümkün talan hadisələrinin qarşısını almaq üçün xüsusilə şəhər mərkəzlərinin təhlükəsizliyi məsələsində də yüksək hazırlıq vəziyyətində olduqlarını qeyd edib.

Nunez gün ərzində davam edəcək aksiyalarda xidmət aparacaq hüquq-mühafizə qüvvələrinə helikopterlər, pilotsuz uçuş aparatları və onlarla zirehli texnika ilə dəstək veriləcəyini söyləyib.

Fransada oktyabrın 17-də keçirilən Sarı jiletlilərin aksiyası zamanı 3 mindən çox iş yeri zərər görmüş və ya talan edilmişdi. Polis zorakılığının müzakirələrə səbəb olduğu aksiyalarda minlərlə insan saxlanılmış, hökumət isə mümkün etirazlar qarşısında qismən komendant saatı və aksiya qadağası kimi bəzi tədbirləri tətbiq etmək qərarına gəlmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu