Braziliyada futbol matçında 51 qırmızı vərəqə göstərilib



Braziliyada 20 yaşadək futbolçuların liqasında keçirilən qalmaqallı qarşılaşmada 51 qırmızı vərəqə göstərilərək dünya rekordu qeydə alınıb. Minas-Jerays 20 yaşadək futbolçular çempionatının yarımfinal mərhələsinin ilk oyununda Uberlandiya və Mamore komandaları üz-üzə gəlib. Qarşılaşmada baş verən hadisələr nəticəsində 43 futbolçu və texniki heyətin 8 üzvü meydandan qovulub.

AFN.az xəbər verir ki, əvvəlki rekord 2011-ci ildə Argentinanın 5-ci liqasında “Club Atletico Claypole” və “Victoriano Arenas” komandaları arasında keçirilən matçda göstərilən 36 qırmızı vərəqə olub.

Hakimin raportuna görə, dava ikinci hissədə Mamore komandasının futbolçusu Davinin hesabı 3:1 edən qoldan sonra rəqib komandanın ehtiyat oyunçular skamyasını təxribata çəkməsi ilə başlayıb.

Uberlandiya komandasının qapıçılar üzrə məşqçisi Paulo Serjio Dias dos Santosun etirazını bildirmək üçün meydana daxil olması qarşıdurmanı daha da alovlandırıb.

Qarşılaşmada bundan əvvəl göstərilən 3 qırmızı vərəqə də nəzərə alınmaqla meydandan qovulanların ümumi sayı 51-ə çatıb.

Braziliya mətbuatında yer alan xəbərlərə görə, Parque do Sabiá stadionunda baş verən ciddi dağıntılar səbəbindən stadiona hərbi polis çağırılıb.

Polis raportunda 14 qapının sındırıldığı, duş otaqlarının zədələndiyi, pəncərələrin, skamyaların, masa və stulların dağıdıldığı bildirilib.

Təxminən 40 dəqiqə dayandırılan qarşılaşma hakim Fernando Patrik Drosqik Modesto tərəfindən yarımçıq dayandırılıb.

Uberlandiya klubu göstərilən qırmızı vərəqələrdən sonra Mamore komandasının heyətində cəmi 7 futbolçu qalması səbəbindən yarımfinalın cavab oyununa çıxmayacağını təsdiqləyib.

Bu qərarı “fair-play” jesti kimi qiymətləndirən Uberlandiya Mamorenin finala yüksəlməsini qəbul etdiyini və özünün üçüncülük uğrunda oyuna köklənəcəyini açıqlayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu