Tramp məğlubiyyətin səbəbini İran müharibəsi ilə əlaqələndirib
ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilərində demokratlara qarşı yaşadıqları məğlubiyyətin böyük ölçüdə İran müharibəsi və müharibənin səbəb olduğu həyat bahalılığı ilə bağlı olduğunu bildirib.
Tramp dünən keçirilən və demokratların Konqresin hər iki palatasında çoxluğu əldə etdiyi aralıq seçkilərlə bağlı qiymətləndirmələr aparıb.
AFN.az xəbər verir ki, Ağ Evin həyətində inşa edilən bal zalı ilə bağlı məlumat verən Tramp daha sonra jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.
Tramp vitse-prezident Cey Di Vensin seçkilərdə məğlubiyyəti İran müharibəsi ilə əlaqələndirməsi barədə danışarkən bunun böyük ölçüdə doğru olduğunu bildirib. O qeyd edib ki, müharibə qısa müddətdə benzinin qiymətini bir qədər artırıb və buna görə də Vensin fikri, ehtimal ki, doğrudur.
İranın nüvə silahına sahib ola bilməyəcəyini və bunun qarşısını almaq üçün müvafiq addımlar atdıqlarını deyən ABŞ Prezidenti müharibənin seçkilərə təsir göstərəcəyini bildiyini vurğulayıb. Bununla belə, o, İranın nüvə silahına sahib olmasının mümkün olmadığını söyləyib.
Tramp İranla müharibəyə görə peşman olmadığını da qeyd edib. O bildirib ki, eyni addımları yenidən atmalı olsaydı, yenə də belə edərdi, çünki uzunmüddətli perspektivdə İran nüvə silahına sahib olmamalıdır.
Digər tərəfdən, Tramp seçkilərin nəticələrindən sonra Konqresdə yaranan yeni vəziyyətlə bağlı demokratlarla yəqin ki, yaxşı münasibət quracağını bildirib. O, bunun demokratların dağıdıcı mövqe tutmamasından asılı olduğunu deyib və veto hüququnun özlərində olduğunu xatırladıb. Tramp onların artıq zəng edərək bəzi məsələləri müzakirə etmək istədiklərini və buna görə də problem yaranmayacağını söyləyib.
Seçicilərin seçimləri ilə bağlı fikri soruşulan ABŞ Prezidenti seçki bülletenində öz adının olması halında açıq şəkildə qalib gələcəklərini iddia edib.
Tramp Nümayəndələr Palatasının sədri ilə bağlı seçki prosesinə və kimin namizəd olacağı məsələsinə qarışmayacağını da bildirib.
