Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlük planını dəyişir
Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi ilə bağlı daha ehtiyatlı yol xəritəsi hazırlayır və ölkənin müraciətini Moldovanın üzvlük prosesindən ayırmağı nəzərdən keçirir.
AFN.az xəbər verir ki, bu barədə “Politico” əldə etdiyi sənədə istinadən məlumat yayıb.
Məlumata görə, Ukrayna ilə bəzi istiqamətlər üzrə ilkin danışıqların başa çatdırılmasının mümkün olmaması Brüsseli üzvlük planına yenidən baxmağa vadar edib. Yeni yol xəritəsində 2027-ci ilədək əldə olunmalı irəliləyişlə bağlı məhdud hədəflər müəyyənləşdiriləcək, lakin ölkənin Aİ-yə mümkün qəbul tarixi ilə bağlı hər hansı öhdəlik nəzərdə tutulmayacaq.
Sənəddə Brüssel Kiyevi “qanunun aliliyi sahəsində islahatların tempini təcili və əhəmiyyətli dərəcədə sürətləndirməyə” çağırır. Yeni danışıqlar klasterlərinin açılması üçün bu sahədə əsas tələblərin 2027-ci ilin ilk yarısında yerinə yetirilməsi vacib hesab olunur.
Yenilənmiş yol xəritəsi Ukrayna və Moldovanın Aİ-yə üzvlük istiqamətində əldə etdiyi irəliləyişlər arasındakı fərqin artdığını da göstərir. Brüsseldə 2027-ci ilədək Moldova ilə 20-dən çox sahə üzrə danışıqları başa çatdırmağa ümid edirlər. Ukrayna ilə bağlı isə bu göstəricinin cəmi yeddi sahə olması nəzərdə tutulur.
