Dünyanı piyada gəzən britaniyalı səyyah 28 ildən sonra evinə qayıdıb
Keçmiş paraşütçü Karl Buşbi 28 il davam edən və 29 ölkəni əhatə edən 57 936 kilometrlik dünya səyahətini piyada başa vurub və doğma şəhəri Hall-da qəhrəman kimi qarşılanıb.
AFN.az xəbər verir ki, 1998-ci ildə Çilinin ən cənubundakı Punta-Arenas şəhərindən piyada yola çıxan 57 yaşlı Karl Buşbi fasiləsiz dünya səyahətini tamamlayaraq İngiltərədəki doğma şəhəri Hall-a çatıb.
28 il davam edən və 57 936 kilometrdən çox məsafəni əhatə edən səyahətdən sonra vətəninə qayıdan Buşbini Kraliça Viktoriya meydanında böyük izdiham coşqu ilə qarşılayıb.
Səyahətinə 29 yaşında başlayan keçmiş hərbçi Buşbi yol boyunca iki əsas prinsipə sadiq qalıb. O, piyada yürüşünü tam başa çatdırmadan evə qayıtmamağı və irəliləmək üçün heç bir nəqliyyat vasitəsindən istifadə etməməyi qarşısına məqsəd qoyub.
Dörd qitəni, donmuş dənizləri, səhraları, meşələri və dağları piyada keçən Buşbi fasiləsiz ən uzun piyada yürüş rekordunu qıraraq dünyanı piyada dolaşan ilk insan olub.
Çətin səyahəti zamanı Berinq boğazını və Darien keçidini piyada keçən Buşbi qütb ayıları ilə üz-üzə gəlib, silahlı təhdidlərə məruz qalıb, Rusiyada isə casusluq ittihamı ilə saxlanılaraq ölkədən deportasiya edilməsinə qərar verilib. Bütün ləvazimatlarını Beast 2 adlandırdığı təkərli arabasında daşıyan Buşbi yol boyu qarşılaşdığı çətinliklərə baxmayaraq məqsədinə çatıb.
Kraliça Viktoriya meydanında keçirilən rəsmi qarşılanma mərasimindən sonra uşaqlığının keçdiyi evə gedən Buşbi 75 yaşlı anası Anjela, 36 yaşlı oğlu və ilk dəfə görüşdüyü 12 yaşlı nəvəsi ilə bir araya gəlib.
Meydanda qurulan səhnədən həmyerlilərinə müraciət edən Buşbi bu uğurun yalnız özünə aid olmadığını bildirərək yol boyunca ona kömək edən insanlara və beynəlxalq dəstəyə görə təşəkkür edib.
Qarşılama mərasimində sənədli filmin çəkilişlərini davam etdirən alman rejissor Verner Hersoq da iştirak edib. Kingston upon Hull East dairəsinin deputatı Karl Törner isə Baş nazir Endi Börnhamın təbrik mesajını oxuyaraq Buşbinin əzmini və qətiyyətini tərifləyib.


