Şimali Koreya Yaponiyanın yeni raket sistemlərini təhdid kimi görür


Şimali Koreya Yaponiyanın qabaqlayıcı zərbələr endirmək imkanlarını genişləndirməsinin regionda gərginliyi artırdığını və ciddi təhlükəsizlik böhranına səbəb ola biləcəyini bəyan edib.

AFN.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyində (KCNA) dərc olunan hərbi şərhçinin məqaləsində bildirilib.

Məqalədə qeyd olunur ki, Yaponiya qabaqlayıcı zərbə potensialına yiyələnməyə nə qədər çox çalışsa və xarici qüvvələrlə təxribat xarakterli hərbi təlimləri nə qədər fəal keçirsə, ölkənin adaları bir o qədər ciddi və qaçılmaz təhlükəsizlik böhranına yaxınlaşacaq.

Tənqidlərə ABŞ və Yaponiyanın oktyabrın 19-dan 29-dək keçirdiyi “Keen Sword” (“İti qılınc”) birgə hərbi təlimləri səbəb olub. Təlimlər zamanı Yaponiya Quru Özünümüdafiə Qüvvələri ilk dəfə “Type 25” gəmi əleyhinə raket komplekslərinin buraxılış qurğularını daimi dislokasiya yerlərindən kənara – Naqasaki və Saqa prefekturalarındakı poliqonlara köçürüb.

Məqalədə bildirilir ki, yeni raketlərin uçuş məsafəsi 1000 kilometri ötür. Bu isə onlardan KXDR ərazisindəki və Çinin sahilyanı bölgələrindəki hədəfləri vurmaq üçün istifadə imkanları yaradır. Müəllif bu silahların inkişafını Yaponiyanın müdafiə xarakterli hərbi siyasətdən hücum yönümlü siyasətə keçidinin göstəricisi kimi qiymətləndirib.

Hərbi şərhçi ABŞ istehsalı olan orta mənzilli “Typhon” raket kompleksinin sınaqlarını və yerləşdirilməsini də tənqid edib. Onun fikrincə, Tokionun bu addımları regionda sülh və sabitlik üçün birbaşa təhlükə yaradır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu