Tramp tərəfdarlarını Konqres seçkilərində fəal iştirak etməyə çağırıb
ABŞ prezidenti Donald Tramp amerikalılardan noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərində onun da namizəd olduğunu təsəvvür etmələrini istəyib.
AFN.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Adım seçki bülletenində olanda, bildiyiniz kimi, hər dəfə qalib gəlirəm və adım bülletendə olmayanda olduğundan 50 faiz daha çox səs toplayırıq. Buna görə də hamıdan seçkilərdə mənim də iştirak etdiyimi təsəvvür etməyi xahiş edirəm. Müəyyən mənada bu, həqiqətən də belədir”, - deyə ABŞ lideri bildirib.
Tramp seçkilərin nəticələrinin administrasiyasının həyata keçirdiyi bir sıra tədbirləri təhlükə altına qoya biləcəyini vurğulayıb. O, bəxşişlərə və əlavə iş saatlarına görə ödənişlərin vergidən azad edilməsini, pensiyaçılar üçün güzəştləri, eləcə də fermerlər və kiçik biznes üçün miras vergisi ilə bağlı dəyişiklikləri misal göstərib.
“Etdiyimiz hər şeyin üstündən xətt çəkiləcək”, - deyə prezident iddia edib.
ABŞ lideri seçkilərdə yüksək fəallığın vacibliyini də qeyd edib. O, tərəfdarlarını səsvermədə iştirak etməyə çağıraraq, öz tərəfdarları seçkiyə gəldiyi təqdirdə böyük fərqlə qalib gələcəklərini bildirib.
Qeyd edək ki, noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə amerikalılar Nümayəndələr Palatasının 435 üzvünü, Senatın üçdə birini, eləcə də bir sıra ştatların qubernatorlarını və yerli idarəetmə orqanlarının nümayəndələrini seçəcəklər.
