Qrenlandiyada yeni beynəlxalq hava limanı açılıb



Danimarkanın tərkibindəki Qrenlandiya turizm gəlirlərini artırmaq və iqtisadiyyatını şaxələndirmək məqsədilə yeni beynəlxalq hava limanını istifadəyə verib. Rəsmilər investisiyanın balıqçılıqdan asılı iqtisadiyyatı gücləndirərək adanın gələcək müstəqilliyi üçün mühüm zəmin yaradacağını bildirirlər.

AFN.az xəbər verir ki, Danimarkanın tərkibindəki muxtar ərazi olan Qrenlandiya turizm sektorunu inkişaf etdirmək və iqtisadi müstəqilliyini gücləndirmək məqsədilə yeni beynəlxalq hava limanını açıb.

Adanın qərb sahilində yerləşən İlulissat şəhərində inşa edilən hava limanından ilk beynəlxalq uçuş oktyabrın 29-da Danimarkanın paytaxtı Kopenhagendən həyata keçirilib. Dövlətə məxsus “Air Greenland” şirkətinin təşkil etdiyi uçuş “Airbus A330neo” tipli təyyarə ilə təxminən 4,5 saat davam edib.

Qrenlandiyanın Baş naziri Jens-Frederik Nielsen də 169 sərnişinin olduğu ilk uçuşda iştirak edib. Nielsen yeni hava limanının Qrenlandiya tarixindəki ən böyük investisiyalardan biri olduğunu bildirərək müstəqillik məqsədinə çatmaq üçün güclü iqtisadi infrastruktura ehtiyac duyduqlarını vurğulayıb.

Təxminən 56 min nəfərin yaşadığı Qrenlandiyanın iqtisadiyyatı böyük ölçüdə balıqçılığa əsaslanır. Rəhbərlik turizm sektorunu genişləndirərək gəlir mənbələrini şaxələndirməyi və Danimarkadan mümkün müstəqillik üçün iqtisadi baza yaratmağı hədəfləyir.

Təxminən 5 min nəfərin yaşadığı İlulissat Qrenlandiyanın ən mühüm turizm mərkəzlərindən biri hesab olunur. “Aysberqlər şəhəri” adlandırılan bu şəhərdə ziyarətçilər xizək itləri ilə turlara qatıla və Disko körfəzindəki nəhəng aysberqləri görmək üçün qayıq gəzintilərinə çıxa bilirlər.

Yeni hava limanı açılana qədər şəhərə getmək istəyən sərnişinlər kruiz gəmilərindən, İslandiyadan həyata keçirilən kiçik təyyarə reyslərindən və ya Qrenlandiyanın digər hava limanlarından tranzit uçuşlardan istifadə etməli olurdular.

Strateji mövqeyi və təbii sərvətləri ilə seçilən Qrenlandiya ABŞ Prezidenti Donald Trampın adanı satın almaq istəyini yenidən gündəmə gətirməsi ilə beynəlxalq siyasətin diqqət mərkəzinə düşmüşdü.

Trampın ikinci prezidentlik dövründə Qrenlandiyanı Danimarkadan almaqla bağlı təhdidləri NATO müttəfiqləri arasında gərginliyə səbəb olmuşdu. Sentyabr ayında isə Tramp Danimarka və Qrenlandiya liderləri ilə Arktika və Şimali Atlantikada təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş saziş imzalamışdı.

Danimarkanın maliyyə naziri Peter Hummelgaard yeni hava limanının açılışının Qrenlandiya və Danimarka üçün ümid və nikbinlik ifadə etdiyini bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu