Meksikada təyyarə yaşayış ərazisinə düşüb, 2 nəfər ölüb
Meksikanın İdalqo ştatında kiçik təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində 2 nəfərin həyatını itirdiyi bildirilir.
AFN.az xəbər verir ki, Meksika Mülki Aviasiya Federal Agentliyinin (AFAC) açıqlamasına görə, “Cessna 210” tipli təyyarə ştatın Paçuka şəhərindəki hava limanından Morelos ştatındakı Kuernavaka Beynəlxalq Hava Limanına uçmaq üçün havaya qalxıb.
Təyyarə Paçukanın Venta Prieta məhəlləsində yaşayış ərazisinə düşüb. Hadisə nəticəsində təyyarədə olan 2 nəfər həyatını itirib.
Qəzadan sonra Mülki Müdafiə, yanğınsöndürmə və təhlükəsizlik qrupları hadisə yerinə göndərilib, ərazidə təhlükəsizlik tədbirləri görülüb.
AFAC Paçuka Hava Limanı Komandanlığının əməkdaşlarının araşdırma aparmaq üçün hadisə yerinə getdiyini və qəzanın səbəbinin müəyyənləşdirilməsi məqsədilə inzibati təhqiqata başlanıldığını açıqlayıb.


