Rusiya və Ukraynada fövqəladə xəbərdarlıq tətbiqlərinə kiberhücum edilib



Rusiya və Ukraynada vətəndaşları mümkün təhlükələr barədə xəbərdar etmək üçün istifadə olunan fövqəladə vəziyyət tətbiqləri kiberhücumların hədəfinə çevrilib. Hər iki ölkədə əhaliyə nüvə və radiasiya təhlükəsi ilə bağlı saxta xəbərdarlıqlar göndərilib.

AFN.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlamasında quruma məxsus mobil tətbiqin güclü kiberhücuma məruz qaldığı bildirilib.

Açıqlamada hücumun tətbiqin idarəetmə panelini hədəf aldığı, hücumçuların yerli vaxtla saat 02:45 radələrində Rusiyanın 33 regionunda yaşayan istifadəçilərə həqiqəti əks etdirməyən xəbərdarlıqlar göndərdiyi qeyd olunub.

Rusiya mətbuatında yer alan məlumatlara görə, saxta xəbərdarlıqlarda Rusiyaya nüvə başlığı daşıyan raketlərin buraxıldığı iddia edilərək vətəndaşlardan sığınacaqlara enmək və ərzaq ehtiyatı toplamaq tələb olunub.

Nazirlik kiberhücumdan sonra tətbiqdəki təhlükəsizlik boşluğunun aşkarlandığını və lazımi tədbirlərin görüldüyünü bildirib.

Ölkə üzrə fövqəladə xəbərdarlıq sisteminin hücumdan təsirlənmədiyi vurğulanan açıqlamada sirenlər, qısa mesajlar, eləcə də televiziya və radio yayımları vasitəsilə xəbərdarlıqların normal qaydada davam etdiyi bildirilib.

Ukraynada da ötən gecə ölkə üzrə istifadə olunan “Hava həyəcanı” tətbiqinə kiberhücum təşkil edildiyi bildirilib.

Ukrayna Hərbi Hava Qüvvələri tətbiq vasitəsilə vətəndaşlara radiasiya təhlükəsi, kimyəvi təhdid və küçə döyüşləri ilə bağlı saxta xəbərdarlıqlar göndərildiyini açıqlayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu