Aİ: Britaniyanın mümkün yenidən üzvlüyü ilə bağlı danışıqlar asan olmayacaq



Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Britaniyanın quruma mümkün yenidən üzvlüyü ilə bağlı danışıqların asan keçməyəcəyini bildirib.

AFN.az xəbər verir ki, Kallas Aİ-Britaniya Müdafiə və Təhlükəsizlik Dialoqunun iclasından əvvəl Britaniyanın müdafiə naziri Ues Stritinq ilə birlikdə mətbuata açıqlama verib.

Aİ üzvü olan ölkələrin Britaniyanın müdafiə sənayesi ilə əməkdaşlıqdan əhəmiyyətli dərəcədə faydalandığını bildirən Kallas Britaniyanın “Avropa Təhlükəsizlik Fəaliyyəti”nə (SAFE) qoşulması ilə bağlı nəticə əldə olunmadığını xatırladıb.

Kallas SAFE 2-nin həyata keçirilib-keçirilməyəcəyi və belə bir proqramın hansı şərtlərlə tətbiq olunacağı ilə bağlı müzakirələrin davam etdiyini bildirib. O, hələ bu mərhələyə çatmadıqlarını qeyd edərək, Britaniyanın həm mülki, həm də hərbi missiyalara qatılmasına və tərəflərin birgə fəaliyyətinə imkan verəcək çərçivə iştirak sazişi üzrə irəliləyiş əldə olunmasını istədiyini vurğulayıb.

Britaniyanın Aİ-yə mümkün yenidən üzvlüyü barədə də danışan Kallas bunun ilk növbədə Britaniya xalqının istəyindən asılı olduğunu bildirib.

Kallas Brexit prosesi səbəbindən Aİ-də ciddi məyusluq yaşayan və bu prosesdən mənfi təsirlənən çox sayda insanın olduğunu da qeyd edərək, buna görə danışıqların asan olmayacağını deyib.

Hələ bu mərhələyə gəlinmədiyini bildirən Kallas hər iki tərəfin daha dərin münasibətlər qurmaq istədiyini və bu istiqamətdə addım-addım irəliləməyin vacibliyini vurğulayıb.

Kallas kiberhücumların Rusiyanın Ukraynaya qarşı apardığı daha genişmiqyaslı müharibənin bir hissəsi olduğunu bildirərək, mülki əhaliyə təsir göstərdiyi üçün bütün bu hücumlardan narahatlıq keçirdiklərini deyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu